2026-cı ilin ilk rübündə (yanvar-mart aylarında) Azərbaycanda motosiklet və mopedlərin iştirakı ilə 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, baş vermiş qəzalar nəticəsində 7 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaş qrupları üzrə statistikaya əsasən, 15-17 yaşlı şəxslərin iştirakı ilə 2 qəza baş verib və nəticədə 2 nəfər yaralanıb. 18-20 yaş qrupunda qeydə alınan 2 hadisədə isə 2 nəfər vəfat edib.
21-24 yaşlıların iştirakı ilə 6 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
Ən çox qəza isə 25-64 yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyasında 7 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsindən verilən statistik göstəricilər Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi hesabatlar əsasında formalaşdırılır və yalnız rüblük dövrlər üzrə əldə olunur.
Qeyd edək ki, paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.