Yay tətili mövsümünün başlaması ilə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətə marağı artıb. Turizm bazarında həm erkən rezervasiya edənlər, eləcə də səfərini sonradan planlaşdıranlar daha münasib istiqamətlərə üstünlük verirlər. Bununla yanaşı, əvvəlki aylarla müqayisədə turpaketlərin qiymətlərində müəyyən artım müşahidə olunur.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, hazırda azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkə Türkiyədir.
Onun sözlərinə görə, Antalya, Kuşadası, Kemer, Belek, Bodrum, Fethiye və Marmaris istiqamətlərinə tələbat daha yüksəkdir:
“İstanbul yay mövsümündə əvvəlki aylardakı qədər aktiv olmasa da, yenə də səyahət edilən şəhərlər sırasındadır. Amma hazırda əsas üstünlük dəniz turizmi istiqamətlərinə verilir.
Azərbaycan Hava Yollarının birbaşa uçuşlar həyata keçirdiyi istiqamətlər turpaketlərin qiymətinə də təsir göstərir. Bundan əlavə, turpaketlərin əsas hissəsini aviabiletlər təşkil etdiyindən biletlərin münasib qiymətə təklif olunması ümumi qiymətlərin daha sabit qalmasına imkan yaradır".

R.Quliyev qeyd edib ki, bu mövsüm Yunanıstanın Krit adası, Monteneqro və Misir istiqamətləri də turistlər üçün maraqlı istiqamətlər sırasındadır:
“Bu istiqamətlər üzrə açılan birbaşa çarter reysləri həm Azərbaycandan xaricə gedən turistlərin sayına, həm də ölkəmizə gələn turist axınına müsbət təsir edir. Qarşılıqlı turist mübadiləsinin inkişafı baxımından bu, mühüm amildir”.
Turizm ekspertinin sözlərinə görə, Azərbaycan vətəndaşları Avropa ölkələrinə də səyahət edirlər. Lakin əvvəlki illərlə müqayisədə bu istiqamətdə müəyyən çətinliklər müşahidə olunur:
“Avropaya getmək istəyən vətəndaşlar əsasən viza prosedurları ilə bağlı problemlərlə üzləşirlər. Səfirliklərin akkreditə olunmuş viza mərkəzlərində sənəd qəbulu növbə əsasında həyata keçirilir. Termin tapmaq çətin olduğundan insanlar bəzən aylarla gözləməli olurlar. Bu isə Avropa istiqamətinə səyahətlərin sayına təsir edir”.
R.Quliyev hesab edir ki, bu vəziyyət Avropa-Azərbaycan turist mübadiləsinə mənfi təsir göstərir:
“Azərbaycan vətəndaşları bu çətinliklərdən yayınmaq üçün vizasız və ya daha rahat giriş imkanı olan ölkələrə üstünlük verirlər. Nəticədə Avropa Azərbaycan kimi ödəniş qabiliyyətli turist seqmentini itirir”.
Ekspert əlavə edib ki, Azərbaycan turistlərin ölkəyə giriş-çıxışı üçün daha çevik və rahat mexanizmlər tətbiq edir:
“Azərbaycanda ASAN xidmət və ASAN Viza sistemi vasitəsilə xarici vətəndaşların ölkəyə gəlişi rahat şəkildə təmin olunur. Turist mübadiləsinin inkişafı üçün Azərbaycan üzərinə düşən işləri yerinə yetirir”.
Rəhman Quliyev eyni zamanda Asiya ölkələrinə yay aylarında marağın nisbətən azaldığını da vurğulayıb. O bildirib ki, buna əsas səbəb mövsümi hava şəraitidir:
“Yay aylarında bəzi Asiya ölkələrində hava çox isti olur. Maldiv adaları, İndoneziya, Tailand, Sinqapur və Vyetnam kimi istiqamətlərdə isə yağışlı mövsüm başlayır. Buna görə də vətəndaşlar yay istirahəti üçün daha çox Türkiyə, Misir və Avropa istiqamətlərinə üstünlük verirlər. Bununla belə, hazırda azərbaycanlı turistlər arasında lider istiqamət Türkiyədir. Türkiyə turizm sahəsində ixtisaslaşmış, bu istiqamətdə ciddi nüfuz qazanmış ölkədir. Bu baxımdan Azərbaycan üçün də Türkiyə turizm modeli hər zaman maraqlı nümunə olub”.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan turizm məqsədilə xarici ölkələrə 264 min nəfər səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 min nəfər və ya 5,4% azdır. Belə ki, 2025-ci ilin birinci rübündə xaricə turist kimi səfər edənlərin sayı 279 min nəfər olub.