Bəzən qəhrəmanların böyüklüyünü təkcə onların keçdiyi döyüş yolundan deyil, həm də ailələrinin yaşatdığı xatirələrdən daha dərindən anlamaq mümkün olur. Hərbçi ailəsində böyümək uşaqlıqdan Vətən sevgisini, fədakarlığı və gözləməyi öyrənmək deməkdir. Bu ailələrin övladları üçün hərbi forma sadəcə peşənin simvolu deyil, həm də qürur və məsuliyyət rəmzidir.
Modern.az saytı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızları, Dövlət Sərhəd Xidmətinin zabitləri - DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova ilə həmsöhbət olub. Onlar ataları ilə bağlı xatirələrdən, hərbçi ailəsində keçən uşaqlıq illərindən və bu günün onlar üçün ifadə etdiyi mənəvi dəyərdən bəhs ediblər.
Milli Qəhrəmanın qızı Zümrüd Bağırova bildirib ki, atası onların gözləri önündə həmişə igid, qəhrəman və qorxu bilməyən bir insan kimi canlanır.
"Bizə, əzizlərinə qayğıkeş olduğu kimi də, eynilə Vətəninə, Vətənin hər bir sakininə doğma, qayğıkeş biri idi. Onun nə qədər sərt görünsə də, ürəyinin çox yumşaq olması elə müharibəyə aparan yol oldu. 1992-ci ilin soyuq, qarlı, qışlı gecəsində Xocalı faciəsində ana-bacılarımızın, körpələrimizin başına gətirilən müsibətlərin şahidi oldu. 1003 nəfər Xocalı girovunun dəyişdirilməsinin səbəbkarı oldu. Faciə zamanı evindən-eşiyindən, yurdundan-yuvasından didərgin düşmüş Xocalı camaatının yerləşdirilməsində, ölənlərin öz vəsaiti hesabına Ağdam məscidində yuyulmasına və dəfninə vəsilə oldu".
Zümrüd xanımın sözlərinə görə, Silahlı Qüvvələr Günü onların ailəsinə xas bir əlamətdar tarixdir:
"Silahlı Qüvvələr Günü, bugünkü bayram tam bizim ailəyə aiddir. Atam, qardaşım, bacım və sonda mən hərbçiyik. Bizim uşaq vaxtımız müharibənin odlu-alovlu günlərinə düşdü. Nəticədə hər birimiz övlad olaraq yolumuzu Vətənə xidmətdə seçdik.
Onun üçün çox darıxırıq. Sözün əsl mənasında əvəzolunmaz sərkərdə idi. Tarixdə belə sərkərdələrə çox az rast gəlinir. Deyərdim ki, nəinki mənim atam, hətta Birinci Qarabağ müharibəsində şəhid olanlar əsl igidlər idi.
Bu gün çox istərdik ki, uşaqlar, gənclər keçmişi daim xatırlasınlar, daim vətənpərvər olsunlar. Vətəni qorumaq hər birimizin borcudur. Bu Vətən yolunda canından keçən hər bir şəhidin yeri cənnətdir.
Cənab Ali Baş Komandanın, Vətən yolunda canından keçmiş şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına doğma yurdumuza qayıdıb onların sayəsində yaşayırıq".
Milli Qəhrəmanın digər qızı Aynur Bağırova deyib ki, bu gün atası və onun silahdaşlarının günüdür:
"Bu gün qələbə sevincini yaşayırıqsa, bunu atama və onun layiqli davamçıları olan 44 günlük Vətən müharibəsi iştirakçılarına borcluyuq. Atam döyüşçü ruhunu, yenilməzliyini adını daşıdığı Allahverdi babasından alıb. Allahverdi babamız 1918-1920-ci illərdə ermənilərə qarşı döyüşüb və Zeynəb nənəmizlə birgə şəhid olub.
Atam hələ 1992-ci il müharibəsi başlamazdan əvvəl ona pənah gətirənlərin ümid yeri olub, hər kəsə əl tutan insan kimi tanınıb. Elə bu insanpərvərliyi də onu Xocalı faciəsi zamanı əsir düşmüş qız-gəlinləri düşmən əlindən xilas etməyə vadar etdi. Beləliklə, o, 1003 nəfər girova yenidən həyat verdi. Onun əməyi xalqımız və dövlətimiz tərəfindən artıq 34 ildir ki, qiymətləndirilir. Nə xoş bizə ki, belə bir qəhrəman atanın soyadını daşıyırıq. Biz atamızla fəxr edirik".