2030-cu ilədək Bakı metropoliteni üçün 300-dək yeni vaqonun alınması planlaşdırılır. Yeni vaqonların paytaxta gətirilməsinə 2028-ci ildən başlanılması nəzərdə tutulub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metroda vaqon parkının yenilənməsi davam etdiriləcək.
"Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək 300-dək yeni vaqonun alınması planlaşdırılıb. Bununla əlaqədar ötən dövrdə dünyanın müxtəlif aparıcı istehsalçıları ilə texniki məsələlər üzrə geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb, yeni vaqonların alınması üçün texniki şərtlər toplusu hazırlanıb.
Qanunvericiliyin tələblərinə əsasən, 2026-cı ilin sonundan istehsalçının müəyyən edilməsi prosedurlarına başlanılacaq. Yeni vaqonların istehsal edilərək Bakı metropoliteninə gətirilməsi isə 2028-ci ildən nəzərdə tutulur".
Qurumdan verilən məlumata görə, vaqonların alınması yeni stansiyaların istifadəyə verilməsi ilə yaranacaq əlavə tələbata, eləcə də istismar müddətini başa vuran vaqonların yenilənməsi zərurətinə uyğun həyata keçiriləcək.
"Yeni qatarların hansı xətlərdə istismar olunacağına gəlincə, qurumdan bildirilib ki, Dövlət Proqramı çərçivəsində Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə isə 6 yeni stansiyanın inşası nəzərdə tutulduğundan alınacaq vaqonların bütün zəruri istiqamətlərdə istifadəsi nəzərdən keçirilir.
Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin icrası müddətində Yaşıl xətt üzrə yeni nəsil, Qırmızı xətt üzrə isə həm yeni, həm də üçüncü nəsil vaqonların istismarı nəzərdə tutulub".
“Bakı Metropoliteni”ndən verilən məlumatda o da vurğulanıb ki, xətlərin ayrılması layihəsi çərçivəsində yeni nəsil qatarların Qırmızı xətt - “İçərişəhər-Həzi Aslanov” istiqaməti üzrə istismarı nəzərdə tutulur.
"Layihə çərçivəsində qatarların hərəkətini təmin edən dartı tipli elektrik yarımstansiyalarının inşası və yenidən qurulması nəticəsində Qırmızı xətt üzrə yeni nəsil qatarların istismarının daha da genişləndirilməsi mümkün olacaq".
Qeyd edək ki, avqustun 15-dən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi nəzərdə tutulub. Bundan əlavə, bu müddət ərzində qatarlar “Nizami-28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.