Azərbaycanda “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi bazanın və dayanıqlı turizmlə bağlı yeni tənzimləmə mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, iqlim dəyişikliyi ilə mübarizəni də dəstəkləyəcək dayanıqlı turizm və “Turizm kəndi” konsepsiyası üzrə yeni tənzimləyici çərçivə yaradılacaq. Bu çərçivədə dayanıqlı turizm, o cümlədən turizmdə iqlim fəaliyyəti ilə bağlı tənzimləmə mexanizminin hazırlanması planlaşdırılır.
Eyni zamanda, Turizm Reyestrində vahid turizm sənayesi təsnifat sisteminin yaradılması və məlumat bazasının genişləndirilməsi, turizm sahəsində dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sertifikatlaşmış sənaye subyektlərinin sayının artırılması nəzərdə tutulur.
Təhlükəsizlik, sağlamlığın qorunması və istehlakçı hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, turizm məqsədli nəqliyyat əlaqəliliyinin və əlçatanlığın artırılması da qarşıya qoyulan hədəflər sırasındadır.
Dövlət Proqramına əsasən, turizm potensialı olan kəndlərdə “Turizm kəndi” konsepsiyasına uyğun infrastruktur yaradılacaq və həmin kəndlərdə turizm fəaliyyətinin təşkili dəstəklənəcək.
Bununla yanaşı, tarix və mədəniyyət qoruqlarında, abidələrin yerləşdiyi ərazilərdə, təbiət ərazilərində və milli parklarda dayanıqlı turizmin inkişafı üçün layihələrin həyata keçirilməsi və müxtəlif turizm məhsullarının yaradılması planlaşdırılır. Ov turizminin inkişafı məqsədilə ov təsərrüfatlarının yenidən qurulması, həmçinin Naftalan şəhərində turizmin inkişaf etdirilməsi də nəzərdə tutulur.
Regionlara turist axınının artırılması məqsədilə əsas turizm məntəqələrinin avtomobil, avtobus və dəmir yolu ilə nəqliyyat əlçatanlığı yaxşılaşdırılacaq. Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi də planlaşdırılır.
Həmçinin dəmir yolu biletlərinin satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmir yolu bileti paketlərinin, eləcə də ayrı-ayrı destinasiyalar üzrə güzəştli bilet təkliflərinin yaradılması nəzərdə tutulur.
Regionlarda turizm informasiya xidmətlərinin genişləndirilməsi və yerli icmaların turizm fəaliyyətində iştirakının artırılması istiqamətində də tədbirlər həyata keçiriləcək.
Dövlət Proqramında Azərbaycanın beynəlxalq turizm məkanı kimi tanıdılması və ölkəyə turist axınının artırılması məqsədilə hədəf bazarlarda marketinq və təbliğat tədbirlərinin genişləndirilməsi də nəzərdə tutulub. Bu istiqamətdə Azərbaycanın diplomatik, ticarət və mədəniyyət nümayəndəlikləri, eləcə də ticarət evlərinin turizmin təbliğinə cəlb edilməsi planlaşdırılır.