Modern.az

Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq

Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq

Ölkə

Bu gün, 17:10

Azərbaycanda dövlət turizm idarəetməsi ilə bağlı reyestr və məlumat bazalarını, elektron xidmətləri və proqram təminatlarını özündə birləşdirən Turizm İnformasiya Sistemi yaradılacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, Turizm İnformasiya Sistemi digər dövlət informasiya sistemləri ilə əlaqələndirilmiş vahid turizm informasiya platforması kimi fəaliyyət göstərəcək. Bununla dövlət turizm idarəetməsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması nəzərdə tutulur.

Dövlət Proqramı çərçivəsində “Rəqəmsal turizm destinasiyası” layihəsi də həyata keçiriləcək. Layihə turistlərin səyahətin planlaşdırılmasından sifariş və səfər mərhələsinədək istifadə etdikləri dövlət və özəl sektor xidmətlərinin rəqəmsallaşdırılmasını nəzərdə tutur.

Bu məqsədlə Azərbaycanın turizm baxımından rəqəmsal platformalarda təmsilçiliyinin artırılması, nəqliyyat vasitələri ilə sərnişindaşıma barədə hərəkət qrafiki, marşrut və dayanacaq məlumatlarının “GTFS” formatında hazırlanaraq mübadilə edilməsi planlaşdırılır.

Həmçinin turizm nümayiş obyektləri barədə audiobələdçilər hazırlanacaq, “Azerbaijan.travel” rəqəmsal turizm platforması təkmilləşdirilərək inkişaf etdiriləcək.

Turizm sahəsində innovasiya ekosisteminin formalaşdırılması məqsədilə innovasiya müsabiqələrinin təşkili və seçilmiş pilot layihələrin dəstəklənməsi də nəzərdə tutulur. Nəticədə turistlərə təqdim edilən elektron xidmətlərin sayının və özəl sektorun göstərdiyi rəqəmsal xidmətlərin əhatə dairəsinin artırılması hədəflənir.

Dövlət Proqramında turizm statistikasının təkmilləşdirilməsi də nəzərdə tutulub. Turizmin ölkə iqtisadiyyatına təsirinin beynəlxalq səviyyədə müqayisəsi üçün “Turizmin Köməkçi Hesabı” üzrə statistikanın təkmilləşdirilməsi, dayanıqlı turizm göstəricilərinin hazırlanması və regionlar üzrə statistik məlumatların əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Bununla yanaşı, turistlərin Azərbaycana təkrar səfərlərinin statistik ölçülməsi üçün metodoloji tövsiyələr hazırlanacaq və bunun əsasında rəsmi statistika müşahidəsi təşkil ediləcək.

Dövlət Turizm Agentliyinin rəsmi internet informasiya ehtiyatında turizmlə bağlı statistik göstəricilərin istifadəçilərə təqdim olunması da təkmilləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!