Sentyabrın 26-də Azərbaycan Ordusu daha bir əsgərini itirdi. Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Mərzili kəndi ərazilərindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində əsgər Taleh Tofiq oğlu Abbasov başından güllə yarası alaraq şəhid olub. 1989-cu il təvəllüdlü Taleh Abbasov ötən il Zəngilan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Şəhid əsgərimiz sentyabrın 26-da Sumqayıtda dəfn olunub.
Zəngilan rayonunun Babaylı kəndindən məcburi köçkün düşən Taleh Abbasov ailəsi ilə birlikdə Sumqayıtda yataqxanada məskunlaşmışdı. Ötən il hərbi xidmətə yollanan Talehin Ordudan tərxis olunmasına cəmi 5 gün qalmışdı. Oktyabrın 1-də Taleh evə gələcəkdi…
Taleh Abbasovun dəfn mərasimində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Vəli Quliyev, başçının müavinləri, rayon hərbi komissarı, eləcə də Zəngilanın deputatı İmamverdi İsmayılov da iştirak ediblər. Şəhidin dəfn xərclərini isə rayon rəhbərliyi və millət vəkili ödəyib. Amma bütün bunlar Talehin talehsiz ömrünü geri qaytara bilməz. Şəhidin dəfnində iştirak edən əməkdaşımız Taleh Abbasovun cənazəsini gətirən zabitlərlə söhbət edib. Məlum olub ki, Taleh evə qayıtmağına az müddət qalmasına baxmayaraq ön cəbhədə xidmət etməyə həvəslə gedirmiş. Ancaq komandiri göstəriş verib ki, sentyabrın 27-dən başlayaraq hərbi xidməti başa vurmaq ərəfəsində olan əsgərlər postları dəyişib arxa cəbhəyə qayıtsınlar. Taleh də onların sırasında olacaqdı…
Sentyabrın 26-da isə ermənilər qəfil hücuma keçiblər. Həmin vaxt Taleh də ön sırada düşmənin hücumunu dəf edən əsgərlərin sırasında olub. Bir neçə saat davam edən atışmada Taleh tutduğu mövqedən başqa yerə keçmək istəyib. Bu zaman qəfil açılan düşmən gülləsi onu ağır yaralayıb. Şəhidin komandirləri hadisəni belə xatırlayır:
«Taleh döyüşdən qorxan əsgər deyildi. Həmişə fəallıq göstərirdi. Ermənilər hər dəfə atəşkəsi pozanda Taleh onlara layiqli cavab verməyə çalışırdı. Sentyabrın 26-da, səhərə yaxın ermənilər hücuma keçdilər. Biz də onlara cavab verməli olduq. Həmin vaxt Talehi vurdular. Biz onu tibb məntəqəsinə çatdırmağa çalışdıq. Ancaq Taleh yolda canını tapşırdı. Çünki güllə onun sağ böyründən girmişdi, amma çıxmamışdı. Ona görə də qan içəri axırdı. Güllə bədənindən çıxsaydı, qan bayıra axardı və bəlkə də onun həyatını xilas etmək mümkün olardı. Biz onun ölümündən çox təəssüflənirik. Taleh kimi əsgəri itirmək bizə ağırdı. Biz onun qisasını alacağıq».
Talehin anası Xatun xanım Sumqayıtda min bir əzab əziyyətlə çalışıb Talehi və onun bacısını böyüdüb. Talehin atası Tofiq bir neçə il bundan əvvəl dünyasını dəyişib. Məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşanda Tofiq qonşunun həyətindən istifadəsiz odun sobasını götürüb evlərində istifadə etmişdi ki, ailəsi soyuqdan donmasın. O vaxt bir odun sobasına görə Tofiqə 7 il həbs cəzası vermişdilər. Sonradan onu cəzasının yarısından azad etdilər. Lakin məhbəsdə ağır xəstəliyə yoluxan Tofiq azadlığa çıxandan iki il sonra dünyasını dəyişdi.
Onun yadigarı Taleh atasının ölümündən sonra ailəyə başçılıq edirdi. Yeniyetmə yaşlarından ailə qayğısı çəkməyə başlayan Taleh həyatın ağrı-acısını hələ gənc yaşlarından dadmışdı. Hərbi xidmətə gedəndən sonra isə ailənin ağırlığını Xatun xala öz çiyinlərindən çəkirdi. Bütün ağırlıqlara baxmayaraq, Xatun xala min bir əzab-əziyyətlə qazandığı pullardan Talehin qayıdışını qeyd etmək üçün yığıb saxlayırdı. Yaşadıqları evin döşəməsi, tavanı tökülüb dağıldığı üçün Xatun xala lazım olan materialları almışdı ki, evi bir balaca təmir elətdirsin ki, Taleh əsgərlikdən gələndə evdə qonaqlıq versin. Sonrada oğlunun toyuna hazırlaşacaqdı Xatun xala. Ancaq Talehin qisməti belə deyilmiş…
Taleh bir yağmurlu gündə dünyaya gəlmişdi, elə yağmurlu bir gündə də köçdü bu dünyadan. Onun ölümünə göylər də ağladı, cəsədinə, məzarına yağmur çiləndi. Amma bu yağmur bir ananın parça-parça olmuş ürəyini soyuda bilmədi.