Ötən il 46 azərbaycanlı qadın Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, hesabat ilində müəyyən edilmiş 46 insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olub və onların hamısını qadınlar təşkil edib.
Sənəddə bildirilib ki, qurbanların 33-ü Türkiyədə, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü isə Pakistanda cinsi istismara məruz qalıb.
Hesabatda insan alveri qurbanlarının sayının əvvəlki illə müqayisədə 45 nəfər azaldığı da vurğulanıb.
Bildirilib ki, qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olmuşdur.
Həmçinin, zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılmış, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilmişdir. Onların hamısı Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunmuşdur.
Daha 16 qurban pеşə kurslаrınа yönəldilmiş, 9 qurbanın işlə, 6-nın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, 1 qurbanın tibb müəssisəsində müalicə və 11 qurbanın ünvanlı sosial yardım almasında, 23 qurbanın isə аilələrinə qаyıtmasında köməklik еdilmişdir.