İnsan alveri, pornoqrafiya və fahişəliklə bağlı 31 nəfər axtarışa verilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, insan alveri, uşaq pornoqrafiyası, pornoqrafik materialların qanunsuz yayılması, fahişəliyə cəlbetmə və əxlaqsızlıq yuvaları saxlama ilə bağlı yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i saxlanılıb.
Hesabatda qeyd olunub ki, saxlanılan şəxslərdən 3-ü insan alveri cinayətinə görə axtarışda olub.
Sənədə əsasən, hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən daha 10 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Qeyd olunub ki, insan alveri cinayətlərinin 57-si informasiya texnologiyaları ilə törədilib.
Belə ki, Azərbaycanda hesabat dövründə insan alveri ilə bağlı müəyyən edilmiş 198 cinayətin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.
Sənədə əsasən, ümumilikdə 152 insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən edilib.
Hesabatda qeyd olunub ki, insan alveri cinayətlərinin 97 faizi açılıb, həmçinin əməliyyat tədbirləri nəticəsində 2 cinayətkar qrup zərərsizləşdirilib.