Modern.az

Kraudfandinqlə bağlı tələblər dəyişir

Kraudfandinqlə bağlı tələblər dəyişir

Parlament

Bu gün, 12:26

Kraudfandinq layihələri üçün MMC tələbi daha çevik yanaşma ilə əvəz oluna bilər.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Mehriban Vəliyeva "Kraudfandinq haqqında" qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi yalnız yeni maliyyələşdirmə mexanizmini tənzimləyən hüquqi sənəd deyil, həm də ölkədə innovasiya iqtisadiyyatının inkişafını sürətləndirən, sahibkarlığın maliyyə imkanlarını genişləndirən və özəl investisiyaların cəlbinə xidmət edən mühüm islahatdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri bilik, innovasiya və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasıdır.

Mehriban Vəliyeva qeyd edib ki, cari ilin fevral ayında ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib, Rəqəmsal İnkişaf Şurası yaradılıb və 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. O xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, startapların dəstəklənməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və investisiya mühitinin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyən olunub.

Deputatın sözlərinə görə, hazırlanmış qanunvericilik paketi son illərin ən əhatəli hüquqi islahatlarından biridir və paket çərçivəsində 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişikliklərin edilməsi nəzərdə tutulur. O bildirib ki, ilk dəfə olaraq innovasiya maliyyələşdirilməsinin əsas alətləri vahid hüquqi sistemdə birləşdirilir, SAFE və Convertible Note kimi müasir investisiya alətləri qanuniləşdirilir, ESOP mexanizmi hüquqi status qazanır, vençur kapitalı fondlarının fəaliyyəti üçün hüquqi baza yaradılır və texnologiya şirkətləri üçün daha rəqabətqabiliyyətli fiskal mühit formalaşdırılır.

Mehriban Vəliyeva vurğulayıb ki, kraudfandinq yalnız maliyyə toplamaq vasitəsi deyil, innovativ ideyaya verilən ictimai etimadın göstəricisidir. Onun fikrincə, bu mexanizm gənc ixtiraçılar və kiçik sahibkarlar üçün bank kreditlərindən asılı olmadan inkişaf etmək, investorlar üçün isə böyük kapital olmadan perspektivli layihələrə sərmayə qoymaq imkanı yaradır. Deputat əlavə edib ki, bu sahədə hüquqi çərçivənin yaradılması investorların hüquqlarının qorunmasına, platformaların etibarlılığının artırılmasına və bazara inamın möhkəmlənməsinə xidmət edəcək.

Bununla yanaşı, deputat hesab edir ki, qanun layihəsinin bəzi müddəalarına ikinci oxunuşadək yenidən baxılması faydalı olardı. O, layihə sahiblərinin yalnız məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərməsi və operator idarəçiləri üçün ali təhsil tələbinin daha çevik yanaşmalarla əvəz edilə biləcəyini bildirib. Mehriban Vəliyevanın sözlərinə görə, innovasiyanın əsas meyarı diplom deyil, bilik, bacarıq, təcrübə və yaradıcı düşüncədir.

Deputat sonda bildirib ki, bu gün innovativ ideyaların əsas problemi ideyanın olmaması deyil, həmin ideyaların maliyyəyə çıxışıdır. Onun sözlərinə görə, "Kraudfandinq haqqında" qanun bu maneəni aradan qaldıracaq, yaradıcı ideyaların biznesə çevrilməsinə, özəl kapitalın innovasiyalara yönəlməsinə, qeyri-neft iqtisadiyyatının inkişafına və gənclərin iş yaradan nəslə çevrilməsinə mühüm töhfə verəcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV