Vətəndaşın pulu necə qorunacaq sualına aydın cavab verilməlidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Müşfiq Cəfərov "Kraudfandinq haqqında" qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, "Kraudfandinq haqqında" qanun layihəsi Azərbaycan üçün tamamilə yeni səhifə açır. Onun sözlərinə görə, ən mükəmməl qanun belə vətəndaşın etimadını qazana bilməsə, kağız üzərində qalacaq. Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycanda insanların maliyyə piramidaları və saxta internet layihələri ilə bağlı acı təcrübələri olduğundan yeni maliyyə alətlərinə ehtiyatla yanaşması başadüşüləndir.
Deputat vurğulayıb ki, kraudfandinqin uğurunun əsasında rəqəmsallıq deyil, dövlətin yaratdığı etibarlı təhlükəsizlik mexanizmləri dayanır. Bu baxımdan o, Malayziya və Fransanın təcrübələrini nümunə göstərib. Müşfiq Cəfərov bildirib ki, Malayziyada kraudfandinq platformalarında fəaliyyət göstərən sahibkar və operatorlar Mərkəzi Bank tərəfindən ciddi yoxlamadan keçirilir, Fransada isə vəsait toplayan şirkətlər hər rüb xərclər barədə ictimai hesabat təqdim edirlər.
Deputat qeyd edib ki, qanun layihəsində də etibarlı mexanizmlərin əsası qoyulub. Onun sözlərinə görə, ilk olaraq, kraudfandinq platformalarının fəaliyyəti Mərkəzi Bankın reyestr nəzarətində olacaq, operatorların təsisçiləri və benefisiar mülkiyyətçilərinin işgüzar nüfuzu yoxlanılacaq.
Müşfiq Cəfərov əlavə edib ki, qanun layihəsi vətəndaşların vəsaitinin qorunması üçün xüsusi hesab mexanizmini də nəzərdə tutur. Belə ki, layihəyə yatırılan vəsait birbaşa sahibkara ötürülməyəcək, bank hesabında saxlanılacaq və layihə uğursuz olacağı təqdirdə Mərkəzi Bankın qaydalarına uyğun olaraq vətəndaşa geri qaytarılacaq.
Deputat bildirib ki, qanun layihəsi investorlar üçün 7 günlük imtina hüququ da yaradır. Onun sözlərinə görə, vətəndaş emosional qərar verdiyini düşünərsə, bu müddət ərzində heç bir cərimə ödəmədən yatırdığı vəsaiti geri ala biləcək.
Müşfiq Cəfərov vurğulayıb ki, Milli Məclisin məqsədi yalnız yeni qanun qəbul etmək deyil, ölkədə "rəqəmsal investor mədəniyyəti" formalaşdırmaqdır. O bildirib ki, bu qanun kiçik vəsaitlərin dövlətin hüquqi təminatı altında real sektora, kənd təsərrüfatına və startaplara yönəldilməsinə imkan yaradacaq, nəticədə şəffaf, risklərdən qorunan və tam tənzimlənən yeni maliyyə ekosisteminin əsası qoyulacaq.