Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan artıq Vaşinqtondadır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu gün Bakı vaxtı ilə saat 18:30-20:30 radələrində Ermənistan prezidenti Serj Sərkisyanla təkbətək görüş keçirəcək. İki lider Vaşinqtonda nüvə təhlükəsizliyə sammiti çərçivəsində bir araya gələcək.
Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə görüşü isə sabaha təyin olunub. Bu barədə Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rodes keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həftənin çərşənbə axşamı keçiriləcək Ərdoğan-Obama görüşündə hər iki ölkənin üzərində işlədiyi məsələlər diqqətdə olacaq. Rodes əlavə edib ki, görüşdə ABŞ-ın fəal dəstək verdiyi Türkiyə - Ermənistan münasibətlərinin normallaşması yönündə atılan səylərə toxunulacaq. Tərəflər İraq və Əfqanıstandakı durumu, İranın beynəlxalq öhdəliklərə əməl etməsi kimi bir sıra mövzuları da gözdən keçirəcəklər.