Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə 2009-cu il aprelin 30-da Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı hazırlıq iclası keçirilir. İşlə bağlı 4 nəfər istintaqa cəlb olunub.
Hazırlıq iclası başlayan kimi təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cinayətdən xəbərsiz olduqlarını, ibtidai istintaq vaxtı onlardan işgəncələr altında ifadələr alındığını bildiriblər. Onlar əvvəlcə müstəntiq Fəxrəddin Pənahovun məhkəməyə dəvət olunaraq dindirilməsi, sonra isə işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlər qaldırıblar. Hakim işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti təmin etməyib. Müstəntiqin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətə isə məhkəmə baxışında baxılacağını bildirib. Təqsirləndirilən Nadir Əliyev üzünü zalda əyləşmiş zərərçəkmişlərə tutaraq deyib ki, on ildir namaz qılır, bu cinayətdən xəbəri olmayıb. “Mənə bu sənədlərə təzyiq altında imza atdırıblar». Digər təqsirləndirilən Cavidan Amirov Fərda Qədirovla yaxın qohum olduğunu, lakin hadisədən əvvəl onunla görüşmədiyini və hadisədən xəbərsiz olduğunu bildirib. Məhkəmənin nəzərinə çatdırıb ki, Milli Təhlükəsizlik Nazirliyi onu çağırıb saatlarla dindirəndən sonra Fərda ilə əlaqəsini müəyyən etmədiyinə görə buraxıb. Növbəti gün onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları idarəyə apardılar, işgəncələr altında cinayətdən əvvəlcədən xəbərdar olması barədə ifadə alıblar. Hakim təqsirləndirilən şəxslərə bildirib ki, ibtidai istintaq müddətində baş vermiş qanun pozuntularından məhkəmə baxışında verəcəkləri ifadələrində danışa bilərlər. Məhkəmə baxışı aprelin 21-nə təyin olunub
Xatırladaq ki, ötən il aprelin 30-da Neft Akademiyasının ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinə qədər qarşısına çıxan tələbə və müəllimlərə “Makarov” markalı tapançadan atəş açmışdı. 12 nəfər ölmüşdü, 13 nəfər yaralanmışdı. Hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyib öldürmüşdü.