Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncam istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.
Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncamda həmçinin qeyd olunur ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.