Modern.az

Köhnə tanışım Serjik “müəllim”

Köhnə tanışım Serjik “müəllim”

Təhsil

5 Fevral 2014, 00:22

Serjik müəllimi çoxdan tanıyıram. Özünü Serj kimi təqdim etsə də, bu şəxsin adı Serjikdi. Nə isə... Öz adıdı, özü bilər. 1979-cu ildə Serjik “müəllim” Xankəndi şəhər komsomolunda təlimatçı kimi fəaliyyətə başlayanda mən də həmin şəhərdə Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə məktəb komsomol təşkilatının katibi seçilmişdim. Təbii ki, tədbirlərdə, komsomol turlarında tez-tez eyni məkanda olurduq. Ona Serjik Azatoviç deyənlərdən fərqli olaraq mən Serjik “müəllim” deyə müraciət edirdim. Hələ yeniyetmə ikən, dünyanın ağını qarasından çox da seçə bilmədiyim bir vaxtda açığını deyim ki, Serjik “müəllim” mənə mədəni və ağıllı insan təəssüratı bağışlayırdı. Ancaq çox-çox sonralar Qarabağ oyunlarından məharətlə istifadə edib Xankəndindən İrəvana, komsomoldan prezident kürsüsünə gedən yollarda bütün maneələri ustalıqla dəf edib pezident olan Serjik Sarqsyan sən demə ağıllı olmaqdan daha çox hiyləgər imiş. O ki, qaldı Serjik “müəllim”in mədəni və tərbiyəli olmasına buna sözüm yoxdur. Vilnüs sammitində Serjik “müəllim” o boyda kişilərin yanında vətəndaşı olduğu ölkəsinin prezidentinin, ağsaqqalının ayağına gedib İlham Əliyevlə görüşməsi bir daha Serjik “müəllim”in tərbiyəli olmasını göstərir. Nə isə sözüm bunda da deyil. Bu yazını yazmaqda məqsədim “köhnə tanışım” Serjik “müəllim” haqqında bir yaradıcılıq məhsulunu ortaya qoymaqdan ibarət deyil. Təbii olaraq bir azərbaycanlı kimi əli millətimin qanına batmış bir şəxsdən yazmaq qələmimin ruhundan çox-çox uzaqdı. Amma bu yazıda sadəcə Serjik müəllimin siyasi fəaliyyətində qeyri-ciddi siyasi gedişlərini oxucularla bölüşməkdir.

Xüsusilə son zamanlar Serjik “müəllim” bütün siyasi fəaliyyətini istəklər üzərində qurub. Bunu bir az təbii qəbul etmək olar. Çünki bunlar istəyə-istəyə böyüyüblər. Bu adam il boyu xaricdə yaşayan ermənilərdən, erməni lobbisindən pul istəyir. Neyləsin? Ölkənin iqtisadiyyatı bərbad vəziyyətdə, borc xirtdəkdən, əhali səfalətdən ölkəni tərk edir, özünün də etiraf etdiyi kimi, hec ölkəsinin ordusuna da lazımınca rul ayıra bilmir. Bir sözlə ölkəsini saxlamaq iqtidarında deyil. Olan-qalan pulu da özü üçün daş-baş edir. İndi Serjik “müəllim”ə bir sual verən gərək, ay Serjik “müəllim” sənin harana yaraşır ki, sir-sifətini düzəltdirmək, cavanlaşmaq üçün 185 min dollar pul xərcləyirsən? Yaxud Londanda 15 milyon dallarlıq ev nəyinə lazımdır? Bunlar azmış kimi Serjik “müəllim”in kazinoda da bəxti gətirməyib. 70 milyon avro uduzmaq elə belə iş deyil ha... Vallah bunları mən özümdən kəşf etmirəm. Öz dediklərini yazıram.

Serjik “müəllim” daha nə istəyir? Dövlət başçılarından qondarma “DQR”-in tanınmasını istəyir. Bir dəfə, iki dəfə, üç dəfə... Bu istəyir, onlar “yox!” deyirlər. Deyirəm insanda üz yaxşı şeydir. Öz arşınımla ölçsəm, Serjik “müəllim”in bu istəyi, arzusu ilə mənim kosmonavt olmaq arzum elə təxminən eyni şeydir.

Daha sonra Serjik “müəllim” tez-tez təkrarlayır ki, “mən Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirəm”. Görəsən Serjik “müəllim”ə doğurdanmı elə gəlir ki, hamı onun istəkləri ilə durub oturmalıdır? Bu Serjik “müəllim”in komsomolda işləməsinə baxmayaraq, siyasətdən çox uzaq adam olduğunu təsdiq etmirmi?

Dünən də çex jurnalistlərinə müsahibə verən Serjik “müəllim” jurnalistləri Qarabağa dəvət edib ki, “gedin özünüz görün ki, dünyanın ən qədim məskənlərinin birində necə inkişaf gedir, insanlar necə azad və müstəqil yaşayır”. Sonra da başlayıb giley-güzara ki, “Azərbaycan prezidenti hamının yanında deyir ki, Qarabağ da, İrəvan da Azərbaycanın tarixi torpqlarıdır”. Serjik “müəllim” bu ifadədən çox inciyib. Bir az da əsəbləşib. Əsəbləşəndə isə Rusiyanın Ermənistanda yerləşən bazasından danışıb və deyib ki, bu baza Ermənistanın təhlükəsizliyi üçün vacib komponentlərdən biridir. Bir sözlə həmişə olduğu kimi siyasətçiyə xas olmayan, boş şərab çəlləyindən gələn gurultu kimi boş sözlər.

Serjik “müəllim” yaxşı şahmat oynayır, amma siyasətdəki gedişləri şahmat taxtasının üzərindəki gedişlərdən fərqlidir və çox zəifdir. Çünki qarşısındakı qpoyssmestirdi, daha güçlüdür, bir-iki gedişdən sonra Serjik “müəllim” mat olanda bunu daha dəqiq hiss edəcək.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı