Təhsil sistemində məktəb əsaslı öyrənmə modelinə keçid, müəllimlərin tam ştatla günboyu məktəbdə fəaliyyət göstərməsi və repetitorluq institutunun gələcəyi ilə bağlı müzakirələr davam edir. Xüsusilə bu modelin özəl kurslara, repetitorluq bazarına və məktəbdənkənar müəllimlərin fəaliyyətinə necə təsir göstərəcəyi suallar doğurur.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, orta ümumtəhsil müəssisələrində məktəb əsaslı öyrənmə modelinə keçid və müəllimlərin tam ştatla fəaliyyət göstərməsi icbari yox, könüllü əsasda nəzərdə tutulur:
“Hazırda bu istiqamətdə müəyyən müzakirələr aparılır, lakin proses hələ icra mərhələsində deyil. Bu model repetitorluğu tam məhdudlaşdırmaqdan daha çox, onu fərdi müstəvidən daha sistemli və korporativ müstəviyə keçirməyə xidmət edə bilər”.
Ekspert qeyd edib ki, beynəlxalq praktikada da oxşar modellər mövcuddur:
“Məsələn, Braziliyada məktəblər seçilmiş müəllimlərə əlavə qonorar ayırır və həmin müəllimlər əlavə təhsil xidmətinə ehtiyacı olan şagirdlərə ödənişsiz dəstək göstərirlər. Bu müəllimlər peşəkarlıq baxımından seçilən, yüksək nəticə göstərən şəxslər olur. Dünyanın bir çox ölkəsində oxşar yanaşmalar tətbiq edilir”.
Elmin Nurinin sözlərinə görə, repetitorluq institutunun aktiv olduğu özəl hazırlıq kurslarının fəaliyyətinə bu dəyişikliklərin ciddi təsir göstərəcəyi gözlənilmir:
“Abituriyent sayı kifayət qədər çoxdur və bazarda özünü təsdiqləmiş kurslar fəaliyyətini davam etdirəcək. Üstəlik, repetitorluq institutu artıq cəmiyyət daxilində güclü davranış modelinə çevrilib. Bunun qısa müddətdə dəyişəcəyini düşünmürəm”.
Ekspert hesab edir ki, özəl kurslar hüquqi baxımdan sahibkarlıq subyekti olduğuna görə onların fəaliyyətinə məhdudiyyət tətbiqi asan görünmür:
“Hazırlıq kursları təhsil müəssisəsi yox, sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. Bu səbəbdən onların müəllim seçimi, işçi cəlbi və fəaliyyət modeli ilə bağlı sərbəstlikləri qalacaq”.
O əlavə edib ki, məktəbdə çalışmayan müəllimlərin özəl kurslarda fəaliyyət göstərməsi ilə bağlı da hazırda hər hansı hüquqi məhdudiyyət görünmür:
“Özəl kurs və ya təhsil mərkəzi üçün əsas məsələ müəllimin harada işləməsi deyil, onun peşəkarlığı və fənnə nə dərəcədə hakim olmasıdır. Buna görə məktəbdə çalışmayan müəllimlərin kurslara cəlb olunması mümkündür və hazırda bununla bağlı qadağa gözlənilmir”.
Elmin Nuri vurğulayıb ki, gələcəkdə əlavə tənzimləmələrin olub-olmayacağı pilot layihələrin nəticələrindən asılı olacaq:
“Əvvəlcə pilot siniflər üçün nəzərdə tutulan modelin nə dərəcədə uğurlu olacağını görmək lazımdır. Bundan sonra əlavə qaydalar və dəyişikliklər gündəmə gələ bilər”.