2025-ci il dövlət büdcəsinin icrası üzrə təhsil sahəsinə yönəldilən vəsaitlərin həcmi açıqlanıb. Milli Məclisə təqdim olunan sənədə əsasən, ötən il təhsil xərcləri 4 milyard 619 milyon 497 min 306 manat təşkil edib.
Modern.az məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təhsil dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələr sırasında üçüncü yerdə qərarlaşıb. Təhsil xərcləri ümumi büdcə xərclərinin təxminən 12 faizini təşkil edib.
Təhsil sahəsində ən böyük maliyyə yükü ümumi təhsilin üzərinə düşüb. Bu istiqamət üzrə 2 milyard 306 milyon 934 min 452 manat vəsait xərclənib. Bu, təhsil büdcəsinin təxminən yarısına yaxındır.
Təhsil istiqamətləri üzrə ayrılan vəsaitlər belə olub:
Məktəbəqədər təhsil – 449 milyon 764 min 520 manat
Ümumi təhsil – 2 milyard 306 milyon 934 min 452 manat
Peşə təhsili – 88 milyon 991 min 529 manat
Orta ixtisas təhsili – 100 milyon 806 min 784 manat
Ali təhsil – 648 milyon 758 min 996 manat
Əlavə təhsil – 18 milyon 945 min 145 manat
Təhsil sahəsində tətbiqi tədqiqatlar – 6 milyon 927 min 871 manat
Təhsil sahəsində digər müəssisə və tədbirlər – 998 milyon 368 min 9 manat