Sinqapurun aparıcı ali təhsil müəssisələrindən biri olan Sinqapur Milli Universitetində (NUS) tələbələrin süni intellekt üzrə biliklərinin artırılması üçün yeni tədris yanaşması tətbiq edilir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, universitet 2026-cı ilin avqustundan etibarən bütün yeni bakalavr tələbələri üçün süni intellekt üzrə giriş kursunu məcburi edir. Bundan əlavə, AI ilə bağlı mövzular müxtəlif ixtisasların tədris proqramlarına inteqrasiya olunacaq. Universitetin məqsədi tələbələrin məzun olana qədər süni intellektdən səmərəli və məsuliyyətli istifadə bacarığına yiyələnməsidir.
NUS-da təhsil alan tələbə və əməkdaşlara da süni intellekt alətlərindən istifadə imkanları genişləndirilir. Avqustun 31-dən etibarən universitetin tələbə, müəllim və əməkdaşlarının ChatGPT Edu platformasına çıxış əldə edəcəyi açıqlanıb.
Universitet rəhbərliyi hesab edir ki, süni intellekt yalnız texnologiya və kompüter elmləri üzrə ixtisaslaşan tələbələr üçün deyil, bütün sahələrdə təhsil alan gənclər üçün vacib bacarıqdır.
Bu addım ali təhsildə süni intellektin rolunun sürətlə dəyişdiyini göstərir. Artıq bəzi universitetlər AI-dan yalnız ayrıca ixtisas kimi deyil, müxtəlif sahələrin tədrisinin bir hissəsi kimi istifadə etməyə başlayırlar.
Sinqapurun digər ali təhsil müəssisələrində də AI savadlılığının artırılması istiqamətində addımlar atılır. Ölkə üzrə 2027-ci ildən ali təhsil alan tələbələr üçün baza səviyyəsində AI bacarıqlarının tədris proqramlarına daxil edilməsi nəzərdə tutulur. (AzEdu.az)