Modern.az

Pakistan prezidentinin Oqtay Əsədov və Artur Rasizadə ilə görüşü – FOTOLAR

Pakistan prezidentinin Oqtay Əsədov və Artur Rasizadə ilə görüşü – FOTOLAR

Təhsil

12 Mart 2015, 16:50

Martın 12-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ilə görüşüb. Modern.az xəbər verir ki, Prezident Məmnun Hüseyn əvvəlcə Milli Məclisin iclas zalları ilə tanış olub, parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb. Pakistan Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Əlaqələrimiz yüksək səviyyədədir. Bu səfər ikitərəfli münasibətləri yeni mərhələyə qaldıracaq və əlaqələrimiz daha sürətlə inkişaf edəcək. Pakistan və Azərbaycan xalqları ümumi dəyərlərə malikdir, dini, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərin sürətlə inkişaf etməsinə imkan verir.

Milli Məclisin sədri deyib: “Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Artıq 24 ildir ki, Pakistan və Azərbaycan arasında diplomatik əlaqələr var. Şadıq ki, bu müddətdə beynəlxalq müstəvidə Pakistan Azərbaycanı hər zaman dəstəkləyib. Bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb və bu sənədlər mövcud hüquqi bazanı daha da möhkəmləndirəcək.

Oqtay Əsədov Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlığın da digər sahələrdə olduğu kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sədr parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.

Oqtay Əsədov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləməsinin yüksək qiymətləndirildiyini söyləyib. “Pakistanın Azərbaycana dostluq, qardaşlıq münasibətinin bir nümunəsi kimi onu deyə bilərik ki, Azərbaycan torpaqları işğal edildiyinə görə rəsmi İslamabad Ermənistanla heç bir əlaqə qurmayıb”, - deyə sədr əlavə edib.

Pakistan Prezidenti Məmnun Hüseyn qonaqpərvərliyə görə Azərbaycan xalqına, hökumətinə təşəkkürünü bildirib. Prezident ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini söyləyib. Pakistan dövlətinin başçısı hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin işgüzar əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Prezident Məmnun Hüseyn deyib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir. Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Pakistan parlamentinin yuxarı palatası – Senat Xocalıda baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.

Pakistan Prezidenti ölkəsinə göstərdiyi dəstək və yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

***

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ilə görüşüb. İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın daim Azərbaycanı dəstəklədiyi vurğulanıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələrin imzalandığı qeyd edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişaf etməsinə səbəb olduğu bildirilib.

Sonra Baş nazir Artur Rasizadənin adından Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.

 

 

Modern.az

 


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı