Modern.az

Ramil Usubov I Avropa Oyunları ilə bağlı təhlükəsizlik tədbirlərindən danışdı

Ramil Usubov I Avropa Oyunları ilə bağlı təhlükəsizlik tədbirlərindən danışdı

Təhsil

12 Mart 2015, 17:53


Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 23 il ötür.

Bu münasibətlə bu gün səhər Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş  təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.

Əvvəlcə nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayaraq, əlamətdar hadisə münasibətilə onları təbrik edb, Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Daxili Qoşunların Döyüş Bayrağı təntənəli şəkildə salona gətirilib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların  və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daxili Qoşunların 23 il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Şahin Məmmədov döyüş əməliyyatlarında  Daxili Qoşunların şəxsi heyətindən 510 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Qarabağ savaşında iştirak etmiş hərbi qulluqçularımızdan 9 nəfəri «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.
Məruzəçi deyib ki, səhra təcrübəsinin təkmilləşdirilməsi, hərbi qulluqçuların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin, istənilən hava və coğrafi şəraitlərdə tapşırıqların yerinə yetirilməsinin prinsiplərinin müəyyən edilməsi, habelə, əməliyyatlar zamanı döyüş təminatının vaxtında təşkil edilməsi məqsədilə, Daxili Qoşunlarda xüsusi-taktiki hərbi təlimlər keçirilir, real əməliyyat şəraitinə uyğunlaşdırılmış bu tədbirlər hazırda da davam etdirilir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyinə diqqət yetirən Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına və dövlətinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu bildirib.

Ötən müddətdə paytaxtda keçirilmiş beynəlxalq idman yarışları və digər kütləvi tədbirlərdə Daxili Qoşunların hərbi qulluqçularının polis əməkdaşları və digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmini üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla icra etdiklərini xatırladan nazir bu ilin yayında ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da şəxsi heyətin öz missiyasını layiqincə yerinə yetirməsi üçün bütün qüvvə və səylərini səfərbər edəcəyinə əminliyini bildirib.

Çıxışının sonunda general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərlərinə düşən  vəzifələri, bütün tapşırıq və göstərişləri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə, xalqa, dövlətə və Prezidetə sədaqətli xidmətini əzmlə davam etdirəcək.

Daha sonra xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni hərbi rütbələrin paqonları təqdim edilib.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı   İlham Əliyevə müraciət qəbul olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı