Modern.az

Bərdədə uşaq məktəbi, yol və Aqrar Sənaye Parkının açılışı oldu - FOTOLAR

Bərdədə uşaq məktəbi, yol və Aqrar Sənaye Parkının açılışı oldu - FOTOLAR

Təhsil

13 Mart 2015, 00:20


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da müşahidə olunan inkişaf gənc nəslin mənəvi zənginləşməsinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Bərdədə istifadəyə verilən 1 nömrəli Uşaq İncəsənət Məktəbi də məhz bu məqsədə xidmət edir. Bu gün Bərdə rayonunda təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyümələri də daim diqqət mərkəzindədir.

Bu baxımdan Bərdə Şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi xüsusi önəm daşıyır. Məktəbin ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

İncəsənət Məktəbi üçmərtəbəlidir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Bərdə rayonuna səfərlərini əks etdirən fotostendlər var. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. İncəsənət məktəbi həm də regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır.


Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür. Prezident İlham Əliyev şagirdlərin ifasını dinlədi.  

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkənin yol–nəqliyyat strukturunda əsaslı dəyişikliklər prosesi uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır.

Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, xüsusilə də yol ayırıcıları və körpülərin inşasına və yenidən qurulmasına yönəldilib. Bu proses Bərdə rayonunda da geniş vüsət alıb. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən rayonun bir çox yaşayış məntəqələrini birləşdirən kəndarası yollar əsaslı təmir edilib. Onlardan biri də Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yoludur.

Bildirildi ki, dövlətimizin başçısının 2014-cü il 14 avqust tarixli Sərəncamı ilə bu yolun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,8 milyon manat vəsait ayrılmışdı. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

Burada dövlətimizin başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisi nəzərdə tutulan müddətdə və müasir tələblərə uyğun olaraq başa çatdırılıb.


Yeni yolun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq ölkənin bütün regionları kimi Bərdədə də kəndarası yolların yenidən qurulması prosesi davam etdirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq sahibkarlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artır. Bu kreditlərdən Bərdə rayon sahibkarları da kifayət qədər faydalanırlar. İndiyədək rayonun 2 mindən çox sahibkarına 70 milyon manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 4300-dək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Parkıdır.

Dövlətimizin başçısının rayona səfəri ərəfəsində istifadəyə verilmiş Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Logistik mərkəzdə güzəştli kreditlər almış fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ən son texnologiyalarla təchiz olunmuş ət kəsimi və emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan ətlik-südlük inəklər bəslənilir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Hələlik gündəlik 32 ton yüksək keyfiyyətli süd istehsal olunur və emal müəssisələrinə təhvil verilir. İlin sonunadək heyvanların sayı artırılacaq və süd istehsalı 60 tona çatdırılacaq. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Güzəştli kreditlərdən yararlanmaqla Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Ümumi dəyəri 4,2 milyon manat olan kompleks sağmal inəklər üçün fermalar, sağımxana, yem anbarı sahələrindən ibarətdir. Bu layihənin də həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş kompleksdə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq Avropadan 325 baş cins inək gətirilib. Layihənin icrası nəticəsində 50 nəfər yeni iş yeri ilə təmin olunub.

Modern.az



 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı