
ATV telekanalı müğənni Nadir Qafarzadənin telekanaldan qovulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Telekanalın “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu Modern.az-a bildirib ki, heç bir qovulmadan söhbət getmir:
“İlqar Mikayıloğlunun təqdim etdiyi “Gün üzü” verilişi canlı yayımlanır. Nadir Qafarzadə isə efirə yaraşmayan ifadələr işlədib. Sadəcə, müğənnidən etik qaydalara riayət olunması tələb olunub. Bu xəbərdarlıqdan inciyib, işi çıxıb, yaxud özü getmək istəyib, bu onun şəxsi işidir. Canlı efirdə belə hallara yol verə bilmərik”.
“Ümumiyyətlə, indiyə qədər hansısa müğənniyə ATV-də qadağa qoyulubmu” sualına cavabında kanalın rəsmisi qətiyyən belə faktın olmadığını vurğulayıb: “Biz heç kimə qadağa qoymamışıq, heç kimi də qovmamışıq”.
Müğənni Nadir Qafarzadə bu gün səhər Azad Azərbaycan Televiziyası (ATV) telekanalının “Gün üzü” verilişinin canlı efirində hazırda ABŞ-da yaşayan və bu günlərdə Azərbaycana gələn müğənni Sami Yusifin ünvanına “O, haranın zibilidir ki?” təhqiramiz ifadəsini işlədib.
Daha sonra verilişi yarımçıq tərk edib.