ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son müsahibəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təmsil etdiyi ölkənin apardığı siyasəti açıqlayıb. Modern.az xəbər verir ki, Ədalət Partiyası bununla bağlı bəyanat qəbul edib. “Çox təəssüf ki, bu dəfə də amerikalı həmsədrin məsələyə münasibətində ermənipərəst mövqeyi açıq-aşkar görünür. Belə ki, Uorlik deyir ki, danışıqlar prosesində Dağlıq Qarabağ əhalisinin maraqları nəzərə alınmalıdır. Məhz bu səbəbdən həmsədrlər Dağlıq Qarabağa səfər edir, de-fakto rəhbərlik və icmanın digər üzvləri ilə görüşür”, - bəyanatda vurğulanır.
Ədalət Partiyası indiyədək dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupu problemi həll etmək əzmini nümayiş etdirmir və məsələni mürəkkəbləşdirməkdədir: “Belə ki, Uorlikin dediyi “Dağlıq Qarabağ əhalisi” anlayışı qəbul edilə bilməz və bu Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn iddiadır. Bu qurum heç bir əsas olmadan Dağlıq Qarabağda yaşayan bir qrup erməni azlığının “xalq” statusuna malik olmasını ictimai fikrə yeritməyə çalışır. Halbuki ermənilər bir xalq kimi öz müqəddəratını həll edərək Ermənistan dövlətini yaradıblar. Bütün bunlar bir daha sübut edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsinin obyektiv həllinə deyil, onun Azərbaycandan de-yure qoparılmasına çalışır”.Ona görə də Ədalət Partiyası bu qurumun vasitəçiliyindən imtina edilməsinə və problemin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə əsasında həllinə çağırır.
Modern.az