Bu il xaricdə təhsil almaq hüququ qazanan xeyli azərbaycanlı gənc var.
İnci Ağasiyeva da xaricdə ali təhsil alacaq gənclərdən biridir. O, təhsilini Böyük Britaniyanın nüfuzlu Oxford Universitetində davam etdirəcək.
Modern.az-ın məlumatına görə, İnci Ağasiyeva hər şeyi öz zəhməti sayəsində əldə edib.
O, ibtidai təhsilini yüksək akademik nəticələri ilə seçilən Saint John’s School-da başa vurub. Daha sonra da təhsilini 7–11-ci siniflər üzrə yüksək nəticə göstərən şagirdlərin oxuduğu Saint Anne’s Catholic School-da davam etdirib.
O, məktəbi bütün fənlər üzrə yüksək qiymətlərlə başa vuraraq akademik uğurunu bir daha nümayiş etdirib.
Məktəbi bitirdikdən sonra İnci təhsilini davam etdirməsi üçün Barton Peveril College, Peter Symonds College və Lansdowne College tərəfindən təkliflər alıb. Onun seçimi isə Barton Peveril College olub. Barton Peveril-də təhsilinin ilk ilindən etibarən İnci yüksək akademik nəticələr göstərib.
O, ilk tədris ili ərzində Oxford və Cambridge universitetlərinin hüquq proqramları ilə bağlı təlim və hazırlıq tədbirlərində iştirak edib. Kollecin ikinci ilinin əvvəlində və il ərzində keçirilən sınaq imtahanlarında ardıcıl olaraq yüksək nəticələr əldə edib. Sentyabr ayında keçirilən xüsusi hüquq imtahanında da yüksək nəticə göstərərək hüquq sahəsindəki akademik hazırlığını bir daha təsdiqləyib.
İncinin göstərdiyi yüksək nəticələr və akademik göstəricilər onun qarşısında İngiltərənin aparıcı universitetlərində ali hüquq təhsili almaq üçün geniş imkanlar yaradıb. Nəticədə o, İngiltərənin beş nüfuzlu universitetindən hüquq ixtisası üzrə təhsil almaq təklifləri alıb.
İnci iki universiteti əsas seçim kimi müəyyənləşdirib – University of Oxford və University of Warwick.
Dövlət qəbul imtahanlarında əldə etdiyi yüksək nəticələr və Oxford Universitetinin tələblərinə uyğun akademik göstəricilər üzrə 3 fənn, 9 imtahanda topladığı yüksək nəticələrlə Oxford Universitetinə hüquq ixtisası üzrə qəbul prosesini uğurla başa çatdırıb.
Bu nəticə İncinin illər ərzində göstərdiyi davamlı zəhmətin, məqsədyönlü hazırlığının və yüksək akademik göstəricilərinin layiqli nəticəsidir. İnciyə gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq!