Modern.az

Peşə məktəblərində ən çox seçilən ixtisaslar - SİYAHI

Peşə məktəblərində ən çox seçilən ixtisaslar - SİYAHI

Təhsil

Bu gün, 08:00

Ötən həftə peşə təhsili müəssisələrinə 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb. Qəbulun nəticələri gənclərin hansı peşə və ixtisaslara daha çox maraq göstərdiyini üzə çıxarmaqla yanaşı, onların seçimlərinin əmək bazarının mövcud tələbləri ilə nə dərəcədə uzlaşması məsələsini də gündəmə gətirib. Xüsusilə bəzi sahələrdə ixtisaslı kadrlara tələbatın artdığı bir vaxtda gənclərin peşə seçimində hansı istiqamətlərə üstünlük verməsi və əmək bazarında ehtiyac duyulan peşələrə marağın səviyyəsi diqqət çəkir.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, peşə təhsili mərkəzlərində ixtisas seçimi regionların iqtisadi potensialı və əmək bazarının tələbatına uyğun formalaşdırılır.

Ekspertin sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən peşə təhsili mərkəzlərində müxtəlif istiqamətlər üzrə hazırlıq aparılır:

“Bakıda fəaliyyət göstərən bəzi peşə təhsili mərkəzlərində ümumi və qarışıq istiqamətlər üzrə ixtisaslar tədris olunur. Eyni zamanda, bu gün əmək bazarında böyük tələbat olan alternativ enerji sahəsi üzrə - günəş panellərinin quraşdırılması üçün ustalar, çilingərlər hazırlanır. Bu istiqamətlərə müraciət edənlərin sayı da kifayət qədər çoxdur”.

M.Məmmədli qeyd edib ki, regionlarda isə peşə hazırlığı əsasən həmin ərazilərin iqtisadi xüsusiyyətlərinə uyğun təşkil olunur:

“Qəbələ Peşə Təhsili Mərkəzində daha çox turizm, otelçilik, meyvə qurutma sahələri üzrə ixtisaslara üstünlük verilir. Lənkəranda subtropik meyvəçilik, aqronomluq, baytarlıq, turizm bələdçiliyi və istixana təsərrüfatı istiqamətlərinə maraq yüksəkdir. Bundan başqa, həm Bakıda, həm də Lənkəranda hibrid və elektrik avtomobillərinin elektrikçisi və çilingəri ixtisaslarına da müraciətlər artır”.

Onun sözlərinə görə, xidmət sektoru üzrə ixtisaslar da böyük maraq görür:

“Bakı ilə yanaşı, Bərdə, Mingəçevir, Lənkəran kimi şəhərlərdə vizajist, saç ustası və aşpaz ixtisaslarına müraciət edənlərin sayı kifayət qədər çoxdur”.

Ekspert həmçinin vurğulayıb ki, kənd təsərrüfatı istiqamətli peşələrə maraq əsasən aqrar rayonlarda müşahidə edilir:

“Cəlilabad Peşə Təhsili Mərkəzi böyük kompleks şəklində qurulur və burada geniş fermer təsərrüfatları yaradılır. Bu səbəbdən baytarlıq, kənd təsərrüfatı, əkinçilik, traktorçu, kombaynçı kimi ixtisaslara maraq daha yüksəkdir. Ümumilikdə hər regionun öz iqtisadi potensialına uyğun ixtisaslaşması formalaşdırılır”.

M.Məmmədlinin sözlərinə görə, peşə təhsilinə maraq son illər nəzərəçarpacaq dərəcədə artıb:

“Artıq Azərbaycanda peşə təhsili mərkəzlərinə maraq o qədər yüksəlib ki, ali məktəblərə qəbul imtahanında istədiyi nəticəni əldə edə bilməyən abituriyentlər tərəddüd etmədən peşə təhsili müəssisələrini seçirlər. Bu gün ali təhsildən sonrakı ən uğurlu təhsil pillələrindən biri məhz peşə təhsilidir”.

Ekspert qeyd edib ki, kolleclərlə müqayisədə də peşə təhsili müəssisələrinə üstünlük verənlərin sayı artır:

“Hazırda kollec və peşə təhsili arasında seçim edən abituriyentlərin böyük hissəsi məhz peşə təhsili mərkəzlərini seçir. Bunun əsas səbəbi dövlət qayğısının artması və əmək bazarının tələbatına uyğun kadr hazırlığıdır”.

Bununla belə, M.Məmmədli hesab edir ki, bu sahədə həllini gözləyən məsələlər də qalır.

“Əsas problemlərdən biri tədrisin keyfiyyəti ilə bağlıdır. Tədris proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməlidir. Bu istiqamətdə işlər gücləndirilsə, peşə təhsili müəssisələrinin nüfuzu daha da artacaq”.

Ekspert onu da əlavə edib ki, peşə təhsili müəssisələrinin ali məktəblərlə və işəgötürənlərlə əməkdaşlığının genişləndirilməsi vacibdir:

“Bu gün peşə təhsili müəssisələrinin məzunlarına subbakalavr dərəcəsi verilir və onlar təhsillərini ali məktəblərdə davam etdirə bilirlər. Düşünürəm ki, ali təhsil müəssisələri ilə peşə təhsili mərkəzləri arasında əməkdaşlıq daha da genişlənməlidir. Eyni zamanda Avropa ölkələrində olduğu kimi, iri müəssisələr konkret peşə təhsili mərkəzləri ilə əməkdaşlıq edərək özləri üçün kadr sifarişləri versələr, bu, həm peşə təhsilinin nüfuzunu artırar, həm də əmək bazarının tələbatının daha səmərəli ödənilməsinə imkan yaradar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü