
“Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının üzvüyəm. Eyni zamanda, Müsavat Partiyasının da üzvü kimi qalıram”.
Bunu Modern.az-a açıqlamasında Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu partiyadan çıxmaq istəməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu günə kimi Müsavat Partiyasından getmək haqqında heç bir qərar qəbul etməyib: “Bir çoxlarını mənim Müsavat Partiyasının sıralarını tərk edib-etməyəcəyim çox maraqlandırır. Amma ADR hərəkatına üzv olmaqla Müsavat Partiyasından getmək fikrim yoxdur. Ümumiyyətlə, bu haqda fikirləşmirəm”.Partiya daxilində baş verən proseslərə gəlincə, ADR və Müsavat üzvü özünü proseslərdən kənar tutduğunu deyib:
“Müsavat daxilində baş verənlərin mənə aidiyyəti yoxdur. Həm partiyanın, həm də yeni yaranan təşkilatın üzvü olaraq, Müsavat daxilində baş verən hadisələrə münasibət bildirmək istəmirəm. Mətbuatda yetərincə tərəflərin münasibəti yer alıb”.
Tanınmış iqtisadçı-alim Qubad İbadoğlu bu ilin fevralında ADR hərəkatının sədri seçilib. Həmin ərəfədə bir neçə tanınmış müxalifət partiyasının üzvü, eləcə də Mehman Cavadoğlu adıçəkilən hərəkata qoşulub.
Namidə BİNGÖL