Modern.az

Rassel Krou çəkdi, Cem Yılmaz çəkildi - VİDEO

Rassel Krou çəkdi, Cem Yılmaz çəkildi - VİDEO

Образование

31 Mart 2015, 14:12


Üç ölkənin məşhur aktyorlarının çəkildiyi “The Water Diviner” (Su axtaran) filmi Bakıda da nümayişi başlayıb. Dünən “28Cinema” kinoteatrında filmin mətbuat nümayəndələri üçün nümayişi baş tutub.

Filmin rejissoru və baş rolunun ifaçısı Hollivud ulduzu “Qladiator”dan yaxşı tanıdığımız Rassel Kroudur. Onunla yanaşı, bu təsirli kino lentində Olqa Kurilenko, Yılmaz Ərdoğan və Cem Yılmaz da çəkiliblər. Türkiyənin baş komediant aktyoru sayılan Cem Yılmaz bu filmdə tam fərqli bir rol – cəsur hərbçi obrazını yaradıb. Amma bununla belə onun qəhrəmanı Camalın atdığı atmacalar filmdəki bəzi gərgin səhnələri yüngülləşdirir. Və əlbəttə iştirak etdiyi hər bir filmdə olduğu kimi “Su  axtaran”da da Cem Yılmaz türkü oxumadan keçməyib.  Filmin süjet xətti çox təsirlidir. “Su axtaran”da hadisələr I dünya müharibəsi dövründə - 1915-1919-cu illərdə cərəyan edir. Avstraliyalı Coşua Konnor Çanaqqala döyüşündə itkin düşmüş üç oğlunu axtarmaq üçün Türkiyəyə gəlir. Türk mayorunun ciddi dəstəyi sayəsində o, övladlarının qalıqlarını tapıb basdırır, bir oğlunun isə sağ olduğunu öyrənir. Filmin bəhs etdiyi dövrdə İstanbul artıq ingilislərin işğalı altında olur, yunan və ermənilər də vəziyyətdən istifadə edərək Türkiyənin digər sahillərindən ölkəyə soxulmağa cəhd göstərirlər.

Filmin premyerası 2014-cü ilin dekabrında Avstraliya və Türkiyədə eyni vaxtda keçirilib. Türkiyədə “Son ümid” adə ilə prokata çıxan bu film dərhal ermənilərin qəzəbinə tuş gəlib. Film prokata çıxandan sonra Amerikada və Avstraliyada yaşayan erməni və yunanlar etiraza qalxıblar. Onlar  filmdə tarixi faktların təhrif olunduğunu iddia ediblər, özlərinin qəddar, işğalçı kimi göstərilməsinə qarşı çıxıblar. Hətta onlar Rassel Krounun filmini boykota da çağırıblar.

 Elə Türkiyədə də “Son ümid”in adı qalmaqallarla yadda qalıb. Məsələn, bəlli olub ki, filmin Türkiyədə yayılan reklam plakatlarında Cem Yılmaz və Yılmaz Ərdoğanın şəkilləri var. Dünya prokatında isə filmin reklamında yalnız Rassel Krounun öz şəkilləri həkk olunub. Türk qəzetləri bunu “filmin Türkiyədə çox pul toplaması üçün işlədilən ucuz fənd” kimi qiymətləndiriblər.

  Buna baxmayaraq, film təkcə Avstraliyada ilk həftə ərzində prokatdan 10 milyon dollar toplayıb. İstənilən halda, çox yüksək səviyyədə çəkilən film Türkiyənin təbliğinə işləyən sənət əsəri kimi dəyərləndirilməlidir. Ssenarisini Endryu Anastasios ilə Endryu Naytın yazdığı və Avstraliya, Türkiyə, ABŞ istehsalıdır. Artıq bu film "28 sinema"nın repertuarına daxil edilib. Biletləri kinoteatrın kassalarından ala, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.  






  

Fərəh Sabirqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı