Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hərbçilərə müraciət edib.
Modern.az-ın məlumata görə, müraciətdə deyilir: “Yoldaş zabitlər, gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar)! 31 mart 1918-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir".Z.Həsənov bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib.
Tariximizin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırım məhz ulu öndərimizin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlayıb.
"Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız”.
Nazir deyib ki, ölkəmizə qarşı yönəldilən hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var: “Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq. İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacaq!”.
Modern.az