
Azərbaycan bu ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları tədbirinə evsahibliyi edəcək. Azərbaycanın Milli qəhrəmanları oyunların Bakıda keçirilməsilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüblər.
Vahid Quliyevin sözlərinə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkənin tanınması üçün vacib addımdır: “Bu, bir Avropa tədbiridir. Biz də Avropanın bir üzvüyük, bu oyunlar ilk olaraq Azərbaycanda keçirilir. Bu da Azərbaycanda turizmin inkişafında, mədəniyyətinin tanınmasında, eləcə də ölkələr arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Bu, idmançılarımız üçün müsbət haldır. Belə ki, onlar öz ölkələrində daha yaxşı uğur əldə edərlər. Bu yarışların ölkəmizə ziyanlı tərəfi yoxdur. Beləliklə, Azərbaycanı istəməyən qüvvələrin yaydığı pis fikirləri yerində görüb, ölkəmiz haqqında doğru-düzgün məlumat əldə etmək üçün əlverişli məqam yaranır. Həqiqətləri çatdırmaq üçün belə tədbirlərin Azərbaycanda olması vacibdir. Düşmənlərimiz bizi qaniçən millət kimi qələmə veriblər. Bizi görüb tanıyanda isə haqqımızda yayılan bütün pis fikirlər alt-üst olur. Buna görə də bizi istəməyən qüvvələr və onların əlaltıları istəmirlər ki, Azərbaycanı yaxından tanısınlar. Bu da başadüşüləndir”.
Məhəmməd Həsənov Bakıda keçiriləcək ilk Avropa Oyunlarını normal qəbul etdiyini deyib: “Bu tədbir ilk dəfə Azərbaycanda keçiriləcək. Şübhəsiz ki, Azərbaycanı sevməyən daxili və xarici qüvvələr də var. Xarici təşkilatlarla əlaqəli olanlar öz işlərini görmək istəyəcək. Əminəm ki, prezidentimiz belə halların qarşısını alacaq. Öz içimizdən bu tədbirə qarşı çıxanların olmasına inanmıram. Özümüz-özümüzə necə xəyanət edərik?
Oyunların gələcəkdə Qarabağ məsələsinin həllinə təsir edəcəyinə ümidli deyiləm. Güc yalnız özümüzdədir. Prezidentimiz əmr verib səfərbərlik etməlidir, biz də gedib torpaqlarımızı almalıyıq. Yoxsa, xarici dövlətlərin hər biri bizimlə oyun oynayır. Onlar görəndə ki, Azərbaycan günü-gündən gözəlləşir, cavanlaşır, beynəlxalq tədbirlərə ev sahibliyi edir, bunu məhv etmək istəyirlər. Xarici dövlətlər istəməz ki, Qarabağ işğaldan azad olsun. Nə qədər ki, Rusiyanın barmağı bu işin içindədir, məsələnin həlli də mümkün görünmür. Avropa Birliyi bizim üçün heç nə edəsi deyil. Ümumiyyətlə, müsəlman dövlətlərin heç birini sevmirlər. Bizim yanımızda duran yeganə dövlət Türkiyədir, bir də öz qüvvəmiz. Arzumdur ki, Azərbaycan müstəqil dövlət kimi öz torpaqlarını azad etsin, böyük dövlət olaq”.
Sahil Məmmədov bildirib ki, ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi analoqu olmayan bir hadisədir: “Çox möhtəşəm bir tədbirdir və Azərbaycan bu tədbirə evsahibliyi edəcək. Bununla Azərbaycana gələn turistlər bizim vətənimizi tanıyıb, şəraitimizə, firavan yaşayışımıza şahid olacaqlar. Bunlar ölkəmizin xeyrinədir və bu yarışın keçirilməyi çox önəmlidir. Təşkilatçıların səyi nəticəsində artıq bəzi idman kompleksləri hazırdır, bir hissəsində də yekunlaşma işləri gedir. Hesab edirəm ki, “Eurovisiin” mahnı yarışması kimi bu sınaqdan da üz ağ çıxacağıq.
Bu tədbirə qara yaxan qüvvələr də çoxdur. Dost dediyimiz bəzi dövlətlər belə, antitəbliğat aparırlar. İstəməyən istəməsin, özü bilər. Amma biz Bakıda bu tədbiri keçirəcəyik. İdman yarışı da olsa, bu, siyasətin cüzi bir hissəsidir. Bizə salam vermək istəməyən bəzi dövlətlər, artıq ölkəmizin siyasəti ilə barışıb. Addım-addım irəliləyirik, hər şey yaxşı olacaq”.
Yeganə OQTAYQIZI