Modern.az

Diplomlar rəqəmsallaşdıqdan sonra “kağızlaşdırma biznesi” yarandı

Diplomlar rəqəmsallaşdıqdan sonra “kağızlaşdırma biznesi” yarandı

Təhsil

Bu gün, 11:05

Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarına elektron diplomların verilməsi sistemi tətbiq edilsə də, bu yeniliklə bağlı maraqlı tendensiya yaranıb. Belə ki, rəqəmsal diplomla kifayətlənmək istəməyən bəzi məzunlar elektron sənədləri çap mərkəzlərində ödəniş qarşılığında yenidən kağız formatında çıxarırlar.

Təhsil eksperti Cahid İmanlı Modern.az-a açıqlamasında bildirib ki, elektron diplomların tətbiqi, onların kağız formatında çap olunması və müxtəlif qurumlara təqdim olunmasında hər hansı problem yoxdur.

Ekspertin sözlərinə görə, zərurət yarandıqda müəssisə elektron diplomun notarial qaydada təsdiqlənməsini də tələb edə bilər.

“Diplomların üzərində QR kodlar yerləşdirilib. İstənilən telefon vasitəsilə həmin kodu oxudaraq sənədin elektron formasına daxil olmaq və onun həqiqiliyini yoxlamaq mümkündür. Ümumiyyətlə, təhsil sənədləri vahid platforma olan myGov-a yerləşdirildiyinə görə, zəruri hallarda dövlət qurumlarının da həmin sənədlərə çıxışı olur. Bu isə şəffaflığı və operativliyi artırır, əlavə vaxt itkisinin qarşısını alır”, - deyə Cahid İmanlı bildirib.

Rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bu barədə “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, bu ildən diplom və attestatlar ilk dəfə rəqəmsallaşdırılaraq vətəndaşların “myGov” platformasındakı şəxsi kabinetlərinə yerləşdirilib. Yeni hüquqi mühitə əsasən, dövlət informasiya sistemlərindəki bir sıra məlumatlar artıq sadəcə informasiya deyil, kağız sənədlə eyni hüquqi qüvvəyə malik sənəd hesab olunur.

Ekspertin sözlərinə görə, qanunvericilik dövlət informasiya sistemlərində mövcud olan sənəd və məlumatların vətəndaşdan yenidən kağız formada tələb edilməsinə ehtiyac olmadığını göstərir. Buna baxmayaraq, rəqəmsal diplom və attestatların çap edilərək kağız sənəd formasına salınması ilə bağlı ayrıca xidmətlər yaranıb.

“Belə çıxır ki, rəqəmsallaşdırmışıq ki, yenidən kağıza qaytaraq? Əgər belə xidmətə tələb yaranıbsa, deməli, haradasa rəqəmsal sənədi qəbul etməyərək kağız variantını tələb edənlər də var”, – Osman Gündüz qeyd edib.

O, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Elm və Təhsil Nazirliyinin məsələyə diqqət yetirməli olduğunu vurğulayıb. Ekspert hesab edir ki, hökumət dövlət qurumlarında rəqəmsal sənədlərin kağız formada tələb edilməsi hallarını araşdırmalı və informasiya sistemində mövcud sənədin vətəndaşdan yenidən istənilməsinin qarşısını almalıdır.

Osman Gündüz xaricdə təqdim edilən diplom və digər təhsil sənədləri üçün elektron apostil mexanizminin genişləndirilməsini və bu sistemin “myGov” platformasına inteqrasiyasını da təklif edib.

“Çox maraqlıdır, kimlər və hansı əsasla rəqəmsal diplom və attestatların kağız variantını tələb edir ki, bunun ətrafında ayrıca ‘kağızlaşdırma biznesi’ formalaşıb? Yoxsa bu sənədlər sadəcə bəzək üçün çap edilir?”, – ekspert sual edib.

Onun sözlərinə görə, rəqəmsal sənədlərin yenidən kağıza çevrilməsi rəqəmsal transformasiyanın məntiqinə ziddir. Çünki dövlət xidmətləri vətəndaşların vaxtına və xərcinə qənaət etmək məqsədilə rəqəmsallaşdırıldığı halda, insanlar həmin sənədləri yenidən çap etdirməyə pul və vaxt sərf edirlər.

Ekspert bunun keçid dövrünə aid müvəqqəti problem olacağına və gələcəkdə rəqəmsal sənədləri kağıza çevirənlərin sayının azalacağına ümid etdiyini bildirib.
 

Lamiyə Cənnətzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?