Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2010-cu il tarixdən 17 sentyabr 2010-cu il tarixədək olan müddət ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 17 fakt üzrə 27 kq 981 qramı tiryək, 10 kq 157 qramı heroin olmaqla, ümumi çəkisi 38 kq 138 qram narkotik vasitə və 1 ədəd PSM sistemli «Makarov» tipli odlu silah, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülüb.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xəbər verilib.
Qeyd olunan narkokanalın təşkilatçıları və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran İslam Respublikasının vətəndaşı Mostafavi Ezzataddin Mosleh oğlu və Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Elçin Teyfuq oğlu həbs olunub.
Qeyd olunan faktlar üzrə Mostafavi Ezzataddin Mosleh oğlu və Cəfərov Elçin Teyfuq oğlunun qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
17 iyul 2010-cu ildə poçt göndərişlərinə gömrük nəzarəti bölməsində gömrük əməkdaşları tərəfindən Kanadaya göndərilən "President" markalı qara rəngli çantaya gömrük baxışı keçirilərkən şəffaf sellofana və tünd göy rəngli kağıza bükülüb çantanın alt və üst divarlarında yerləşdirilmiş, üzərinə çantanın plastik içliyi yapışdırılmış 2 ədəd bağlamada 2010 qram tiryək aşkar edilib.
Elə həmin gün Kanadaya göndərilən "Deelmat" markalı qara və qəhvəyi rəngli 3 ədəd çantada gömrük nəzarətini çətinləşdirmək məqsədilə düzəldilmiş və üzərinə çantanın plastik içliyi yapışdırılmış 6 ədəd bağlamadan 5360 qram tiryək aşkar edilərək götürülüb.
26 iyul 2010-cu ildə Kanadaya göndərilən "CLASSİC" markalı qəhvəyi rəngli çantaya gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən şəffaf sellofana və bənövşəyi lakmus kağızına bükülüb çantanın alt və üst divarlarında yerləşdirilmiş, üzərinə çantanın plastik içliyi yapışdırılmış 2 ədəd bağlamadan 2970 qram tiryək aşkar edilərək götürülüb.
12 avqust 2010-cu il tarixində Kanadaya göndərilən poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən göy rəngli lakmus kağızına və şəffaf sellofana bükülmüş bağlamada olan tökmə materialdan hazırlanmış dekorativ fiqurun içərisində yerləşdirilmiş və aralarındakı boşluq inşaat köpüyü ilə doldurulmuş 40 bükümdə 1070 qram tiryək aşkar edilərək götürülüb.
13 avqust 2010-cu ildə Kanadaya göndərilən avtomobil hissələrindən ibarət 2 ədəd poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən VAZ markalı minik avtomaşınları üçün olan 26 ədəd qapı qoltuqaltısının tutacaq hissəsinin, içərisinə istiot tozu tökülmüş boşluqlarında yerləşdirilmiş və üzərinə tutacaqların qapaqları bərkidilmiş şəffaf sellofana və göy rəngli lakmus kağızına bükülmüş 91 bükümdə 1960 qram tiryək aşkar edilib götürülüb.
17 avqust 2010-cu ildə Kanadaya göndərilmiş və ünvan səhv göstərildiyi üçün geri qaytarılmış "President" markalı qara rəngli diplomat çantasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən şəffaf sellofana və bənövşəyi rəngli lakmus kağızına bükülüb çantanın alt və üst divarlarında yerləşdirilmiş, üzərinə çantanın plastik içliyi yapışdırılmış 2 ədəd bağlamada 1070 qram tiryək aşkar edilib götürülüb.
18 avqust 2010-cu ildə Kanadaya göndərilən 2 ədəd poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə göy rəngli lakmus kağızına və şəffaf sellofana bükülmüş bağlamalardan birində, dekorativ stolüstu saatın içərisindəki boşluqda yerləşdirilmiş və araları inşaat köpüyü ilə doldurulmuş 67 bükümdə 450 qram, digər bağlamadakı tökmə materialdan hazırlanmış suvenirin içərisindəki boşluqda eyni üsullardan istifadə edilməklə yerləşdirilmiş və araları inşaat köpüyü ilə doldurulmuş 24 bükümdə 210 qram olmaqla, ümumilikdə 91 bükümdən 660 qram tiryək aşkar edilib götürülüb.
15 sentyabr 2010-cu ildə Yunanıstan Respublikasına göndərilən 1 ədəd poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən göy rəngli lakmus kağızına və şəffaf sellofana bükülüb taxta materialdan olan 4 ədəd şəkilli rəsm çərçivəsinin arxa hissəsindəki içərisinə istiot tozu səpilmiş boşluqlarda yerləşdirilmiş 16 bükümdə 3302 qram heroin aşkar edilib götürülüb.
Elə həmin gün Kanadaya göndərilən 1 ədəd poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən göy rəngli lakmus kağızına və şəffaf sellofana bükülmüş bağlamadakı 3 ədəd dekorativ gül qabından ikisinin içərisindəki boşluqlarda yerləşdirilmiş cəmi 25 bükümdə 1201 qram tiryək, habelə Cuntayev İqbal Əhəd oğlunun adından Yunanıstan Respublikasına göndərilən 1 ədəd poçt bağlamasından eyni üsullardan istifadə edilməklə taxta materialdan olan 4 ədəd üzəri şəkilli rəsm çərçivəsinin arxa hissəsindəki içərisinə istiot tozu səpilmiş boşluqlarda yerləşdirilmiş 16 bükümdə 3393 qram heroin aşkar edilib götürülüb.
16 sentyabr 2010-cu ildə Kanadaya göndərilən 1 ədəd poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən göy rəngli lakmus kağızına və şəffaf sellofana bükülmüş, üzərlərində at fiqurları olan 4 ədəd dekorativ gül qabının içərisində yerləşdirilmiş müxtəlif ölçülü 14 bükümdə 1065 qram tiryək aşkar edilib götürülüb.
Elə həmin gün Kanadaya, habelə Kanadaya və İsveçə göndərilən 5 ədəd poçt bağlamasına gömrük əməkdaşları tərəfindən gömrük baxışı keçirilərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə göy rəngli lakmus kağızına və şəffaf sellofana bükülmüş bağlamalardakı 4 ədəd üzərlərində fil fiqurları olan dekorativ gül qabının, 11 ədəd üzərlərində at fiqurları olan dekorativ gül qabının içərisindəki boşluqda yerləşdirilmiş 134 bükümdə 6505 qram tiryək aşkar edilib götürülüb.
Qeyd olunan faktlarla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılıb.
17 sentyabr 2010-cu ildə cinayət işləri üzrə verilmiş əməliyyat tapşırığı ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkokanalın təşkilatçıları: Azərbaycan vətəndaşı Cəfərov Elçin Teyfuq oğlu və İran İslam Respublikasının vətəndaşı Mostafavi Ezzataddin Mosleh oğlu müəyyənləşdirilərək saxlanılıb, E.Cəfərovun yaşadığı Şəki şəhəri, 31-ci rayon, Sülh küçəsi, döngə 4/4-də yerləşən evin zirzəmisindən bağlamada 1000 qram tiryək, daha sonra həmin yerdən cinayətkar qrupun üzvü "İzzəddin" adlı İİR-sı vətəndaşının saxlamaq üçün ona verdiyi "Makarov" tipli tapança, Mostafavi Ezzataddin Mosleh oğlunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 49B ünvanında yerləşən evin həyətindəki ağacın dibində torpağa basdırılmış 250 qram heroin və 4110 qram tiryək, habelə cinayətin törədilməsi üçün istifadə olunan müxtəlif əşyalar aşkar olunaraq götürülüb.
Davam etdirilmiş istintaq tədbirləri nəticəsində Elçin Cəfərovun yaşadığı ünvanda 4 ədəd şəkilin taxta çərçivəsində xüsusi üsulla gizlədilmiş 16 bükümdə 3210 qram heroin aşkar edilərək götürülüb.
Modern.az