Xarkov Vilayət Dövlət Adminstrasiyasının rəhbəri Oleq Sinequbovun dəvəti ilə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu ilə görüş keçirilib. Oleq Sinequbov görüşdə Azərbaycanı yaxından izlədiyinivə münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Xüsusi olaraq Xarkov vilayətinin Azərbaycanın regionları ilə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu və bu əlaqələrin dərinləşdirilməsi üçün hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Oleq Sinequbov xüsusən neft-kimya, aqrar və təhsil sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Modern.az xəbər verir ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov iki ölkə arasında mədəni və iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi prespektivlərindən danışıb.
Qeyd edib ki, Azərbaycanda yüksək keyfiyyətli məhsullar istehsal edilir ki, onların Xarkov bazarında güclü rəqabət imkanları mövcuddur. Fəxri konsulluq iki ölkənin iş adamları arasında effektiv əlaqələrin qurulması və idxal-ixracın genişləndirilməsi üçün dəstək göstərir.
Fəxri konsul Azərbaycan ərazilərinin 30 illik işğaldan azad edilməsinin yeni prespektiv imkanlar açdığını və bu imkanların ukraynalı iş adamlarına təqdimat edilməsi üçün konsulluğun həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.