Modern.az

Diasporun yeni dövrü - Bizi daha böyük uğurlar gözləyir

Diasporun yeni dövrü - Bizi daha böyük uğurlar gözləyir

Diaspor

1 Avqust 2022, 10:58

"Diaspor siyasəti dövlətin əsas güclərindən biridir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin siyasi həyatında aktivliyi həm təşkilatlanma səviyyəsi, həm də cəmiyyətlərin siyasi, iqtisadi inkişafı ilə bağlıdır".

 

Bu sözləri Modern.az-a Azərbaycan diasporunun Vətən müharibəsindən sonrakı fəaliyyəti, yeni çağırışlar haqqında danışan deputat Könül Nurullayeva deyib. O qeyd edib ki, dünyada təmsil olunmaq, ölkəni layiqincə təmsil etmək əsas vəzifədir: 

 

"Məsələ burasındadır ki, bu proses heç vaxt dayanmamalıdır. Yeni çağırışlara, dünyada baş verən proseslərə uyğunlaşmalıdır. Uyğunlaşmasa, davamlı uğurlardan danışmaq mümkün deyil. Azərbaycan diasporu son illər təşkilatlanaraq, xarici ölkələrdə öz mövqelərini möhkəmləndirməkdədir. Biz bu illər ərzində bəzi hallarda erməni diasporunun bizi üstələdiyinin şahidi olurduq. Lakin 2020- cil ilin Tovuz döyüşləri zamanı Azərbaycan diasporunun fəaliyyətində bir dönüş baş verdi. İşğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribata, mülki insanları qətlə yetirməsinə haqlı olaraq etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu üçün zərbə oldu. Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu".

 

 

Deputat vurğulayıb ki, tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. Haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular:

 

"Bunu bütün dünya ictimaiyyəti də gördü və pislədi. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərdi. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırıldı, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olundu. İstər ABŞ-da, istərsə də Avropada azərbaycanlılara qarşı erməni lobbisinin nifrət zəminində mürtəce davranışları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən də pisləndi. Bununla da özünü dünyaya sülhpərvər xalq və ölkə kimi təqdim edən ermənilərin imitasiya xarakteri və terrorçu mahiyyəti tam çılpaqlığı ilə özünü göstərdi. Yəni, sərhəddəki hərbi təxribat kimi soydaşlarımıza qarşı vandallıq aktları da bumeranq effekti ilə Ermənistanın özünə zərbə olaraq qayıtdı".

 

 

Könül Nurullayeva əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanıAzərbaycan diasporu fəaliyyətini daha məsuliyyətlə davam etdirdi:

 

"Azərbaycan diasporunun bütün nümayəndələri "dəmir yumruq" kimi birləşməyi bacardı. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatı dünya azərbaycanlılarının qarşısında duran əsas vəzifə idi. Xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində atılan praktik addımların nəticəsini 44 günlük Vətən müharibəsi zamanı da şahidi olduq. İstər 2020-ci ilin yayında Tovuz döyüşləri, istərsə də Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin bütün təxribatlarına qarşı effektiv mübarizəsi böyük Qələbəmizə əlavə töhfə verdi. Diaspor nümayəndələrimiz dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi və Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

 

44 günlük müharibədən sonra Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür. Bu ilin aprelində Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər qurultayında da yeni vəzifələr bir daha diqqətə çardırıldı. Prezident İlham Əliyev qurultayda bəyan etdi ki, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.

 

Azərbaycan diasporu azad olunmuş ərazilərin bərpası, bölgədə dayanıqlı sülhün təmin olunmasına hesablanmış əməkdaşlıq mühitinin formalaşması, humanitar məsələlərin həllinə töhfə vermək imkanlarından maksimum istifadə etməlidir. Soydaşlarımız vahid ideya və maraqlar uğrunda çevik fəaliyyəti daha da artırmalı və yaşadıqları ölkələrdə erməni diaspor təşkilatlarını üstələməli, separatizm təhlükələrini neytrallaşdırmalıdırlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu