Modern.az

Rusiya qəfil hücuma keçdi - GECƏ NƏLƏR OLUB...

Rusiya qəfil hücuma keçdi - GECƏ NƏLƏR OLUB...

Dünya

20 İyun 2023, 08:50

Rusiya qoşunları gecə boyunca Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib.

 

Modern.az xəbər verir ki, ölkənin əksər hissəsində hava hücumu sirenləri işə salınıb.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, ilkin məlumata əsasən, hava hücumundan müdafiə sistemləri Rusiyanın atdığı 30 İran istehsalı “Şahed” pilotsuz uçuş aparatından 28-ni vurub.

 

Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko "Telegram" kanalında qeyd edib ki, paytaxt ətrafındakı hava məkanında Rusiyanın 20-yə yaxın hədəfi müəyyən olunaraq məhv edilib.

 

Təxminən 700.000 əhalisi olan və Polşa ilə sərhəddən 70 kilometr uzaqlıqda yerləşən Lvov şəhərinin hərbi administrasiyası Rusiyanın şəhərdəki kritik infrastruktura zərbə vurduğunu və zərbənin yanğına səbəb olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hücum zamanı itki qeydə alınmayıb.

 

Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Yuri Malaşko sosial şəbəkə hesabında Rusiyanın telekommunikasiya infrastrukturunu, kənd təsərrüfatı və əkinçilik obyektlərini hədəf aldığını diqqətə çatdırıb. Ümumilikdə gecə saatlarında Rusiya qoşunları Zaporojyeyə 7 ədəd raket atıb.

 

Qeyd edək ki, Rusiyanın kütləvi hava hücumu Ukrayna ordusunun əks-hücum əməliyyatı fonunda həyata keçirilir. Ukrayna bazar ertəsi günü iki həftədir davam edən əks-hücum əməliyyatı çərçivəsində rus hərbçilərin səkkizinci kənddən çıxarıldığını açıqlayıb.

 

"Düşmən öz mövqelərini asanlıqla əldən verməyəcək və biz özümüzü çətin duelə hazırlamalıyıq. Hərbçilər hərəkət etməli olduqları kimi hərəkət edirlər. Ən böyük zərbə hələ qarşıdadır", - Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar deyib.

 

Onun sözlərinə görə, ən şiddətli döyüşlər Ukraynanın şərqində və cənubunda gedib. Nazir müavini şərqdə Rusiyanın irəliləyişinin qarşısının alındığını söyləyib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə gecə videomüraciətində ordunun bəzi sektorlarda irəlilədiyini, bəzilərində isə intensiv hücumlardan müdafiə olunduğunu bildirib. O əlavə edib ki, yekun nəticə Ukrayna üçün əlverişli olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var