Modern.az

Futbolumuz niyə rövnəqlənmir?

Futbolumuz niyə rövnəqlənmir?

Ölkə

24 Aprel 2011, 18:27

"Qara qızıl" Azərbaycan xalqının üzünü ağartmadı. Afrikanın cəngəlliklərindən gəlmiş əyriayaq futbolçular Bakı neftinin xeyrini sıravi azərbaycanlılardan çox görürlər.

Rövnəq Abdullayevin Azərbaycan futbolunun inkişafı üçün xərclədiyi pulla Braziliya yığmasını satın almaq olar. Neft pulları ilə bəslənən futbolçularımız indiyə kimi hələ bir dəfə Azərbaycan xalqının üzünü güldürməyiblər. Milli komandamız keçirdiyi matçların böyük əksəriyyətində məğlub olaraq, meydanı başıaşağı tərk edib. AFFA rəhbərliyi hələ də dərk etmir ki, heç kim onlara Azərbaycan xalqının heysiyyatı ilə oynamağa icazə verməyib.

Azərbaycan ictimaiyyətinin ölkəmizi mötəbər turnirlərdə təmsil edən futbolçularımızdan qələbə tələb etməyə haqqı çatır. Çünki Rövnəq Abdullayev onları Azərbaycan xalqının hələ xeyrini görmədiyi neft pulları ilə bəsləyir. Bu adamların hərəsinin iki xarici avtomobili var. Onlar Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən üç dəfə çox məvacib alır, təlim-məşq toplantılarını Avropanın ən bahalı idman meydançalarında keçirirlər.

Bir neçə gün öncə futbolçularımızın gündəlik qida rasionu ilə tanış olanda dəhşətə gəldim. Bu adamların bir gündə qəbul etdiyi qidanı Murovda sinəsini erməni gülləsinə sipər edən qəhrəman əsgərlərimiz bir həftədə yeyə bilmirlər. İndi siz deyin: hərtərəfli qayğı ilə əhatə olunan bir komandanın bütün görüşlərdə meydanı başıaşağı tərk etməyə haqqı varmı?

Milli komandamızın baş məşqçisi Berti Foqts haqqında isə danışmağa dəyməz. Bu adam təkcə Rövnəq Abdullayevi deyil, həm də Azərbaycan xalqını avam yerinə qoyur. Milli komandamızın Belçika yığmasına böyük hesabla məğlub olmasına baxmayaraq, Foqts Azərbaycana dönmədi. Müharibədə ordunu başsız qoyan komandiri güllələyirlər. Amma Azərbaycanda Foqtsa güldən ağır söz deyən olmadı.

Bu hadisəni mənə futbol üzrə yığma komandamızın sabiq məşqçisi Ağasəlim Mircavadov danışıb. Yığma komandamız futbol üzrə dünya çempionatının seçmə turu çərçivəsində mühüm görüşə hazırlaşırmış. Həmin illərdə komandanın hesabında pul olmadığı üçün futbolçular aylarla maaş almırmış. Ağasəlim müəllim oyundan bir gün əvvəl formaları yudurtmaq üçün futbolçulara paylayıb. Müdafiəçilərdən biri həyət evində yaşayırmış. Gecə ipdəki paltarlarla birlikdə onun formasını da oğurlayırlar. Əlacsız qalan həmin müdafiəçi səhər meydana ehtiyat oyunçulara məxsus olan 17 nömrəli forma ilə çıxır...
Bu hadisəni təsadüfən xatırlamadım. Təxminən 13-14 il əvvəl Azərbaycan yığma komandası bu cür çətin şərtlər altında mübarizə aparırdı. Buna rəğmən, komandamız Avropa futbolunun əfsanəvi ulduzlarından olan Kubilay Türkyılmazın formasını geyindiyi İsveçrə yığması üzərində parlaq qələbə qazana bildi. Mən həmin matçı Tofiq Bəhramov adına stadionda canlı izləyirdim. Meydanda olan futbolçularımız təkcə ayaqları ilə deyil, həm də ürəkləri ilə oynayırdılar. Stadionda isə 30 min insanın ürəyi onlar üçün döyünürdü.

Azərbaycan yığması hər dəfə meydanı məğlub tərk edəndə bütün azarkeşlərin çöhrəsinə kədər çökür. Mən, hər dəfə bu mənzərə ilə qarşılaşanda AFFA rəhbərliyinin yerinə xəcalət çəkirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı