Modern.az

Şükür Allaha ki, Məhərrəm ayı başladı, toylar qurtardı...

Şükür Allaha ki, Məhərrəm ayı başladı, toylar qurtardı...

Ölkə

4 Noyabr 2013, 16:05

Şükür Allaha ki, Məhərrəm ayı başladı. Hərçənd ki, bu ay müsəlman dünyasında birinci və ən müqəddəs ay hesab olunur, ancaq inanmıram ki, qalan 56 müsəlman ölkəsinin hansındasa Məhərrəm ayını Azərbaycanda olduğu kimi həsrətlə gözləsinlər. Məhərrəm ayı başladı, demək, toylar qurtardı. Camaatı əldən-dildən, abırdan salan toylar... 100-200 il demirəm, elə 20-30 il bundan əvvəl də toy dəvətnaməsi gələndə bu, xüsusi hadisəyə çevrilərdi, adamlar bəh-bəhlə hazırlaşıb bu sevinci bölüşməyə tələsərdi. Xüsusən rayonlarda, kəndlərdə bu hadisə, qədim zamanlarda olduğu kimi, necə deyərlər, ümumxalq bayramına çevrilərdi, iməcilik kimi hamı toya bir köməklik göstərərdi... Heyvan kəsən kim, xörək bişirən kim, göyərti təmizləyən kim, qonşu kəndlərə dəvət deməyə gedən kim... Toy günü isə hər kəs imkanı daxilində, 5-10 manat (yəni aylıq qazancının təxminən 20-dən biri qədər) nəmər yazdırıb öz köməyini göstərərdi və əmin olardı ki, bu gün yazdırdığı 3 ildən, 5 ildən sonra onun qapısında keçirilən məclisdə geri qayıdacaq. Özü də bir ağac altında açılmış süfrədə təmənnasız aşbazların bişirdiyi, kənd cavanlarının (təmənnasız “ofisiantların”) payladığı (ona görə də cəmi 3-5 manat dəyəri olan) yeməkdən tay-tuşu ilə birgə nuş eləyib mağarda çalınan musiqini (musiqini ha) dinləməyə, şənlənməyə gedərdi. Həm də bilərdi ki, onun verdiyi puldan toy sahibinə bir fayda dəyəcək- balasına ev-eşik, ocaq quracaq.

O gün dostlarımdan biri məni toya çağırmışdı və yol gedə-gedə bayaqdan yazdıqlarımı düşünürdüm. Düşünürdüm ki, mən bu toydan çıxıb o biri məclisə də çatmalıyam- orada qohum toyu idi, getməmək olmazdı. Ancaq dünən də iki toyda olmuşdum, srağagün də birində. Srağagünkü lap maraqlı idi- toy sahibi dəvətnamə verəndə  “təsadüfən” ağzından qaçırdı ki, toy etdiyimiz şadlıq evində menyu adambaşına 150 manatdır, müsiqiçilər də ki, yaman baha gəlirlər- filankəs 10 min manat, filankəslərin də yarım saatı 3-4 min manat, adambaşı 170-180 manat  çıxır, hələ başqa xərcləri demirəm... Yəni ki, toya 200 manat yazdırmalısan. Mən onsuz da özümü toparlayıb 100 manat sala bildim, əmək haqqımın 4-dən, 5-dən birini... Fikirləşdim ki, bu adam nə qədər ziyana düşdü görəsən. Əslində, mən də ziyana düşdüm, ən çoxu 20 manatlıq yemək yedim, xörəkpaylayanların təmənnalı “xidmət”lərindən və qulaqbatıran musiqidən zülmünu azaltmaq üçün vestibüldə oturdum, bu qədər tıxaclarda əziyyət çəkə-çəkə gedib ora çatdım, nəticə də heç nə... Nə toy sahibinə, nə də özümə bir zövq verə bildim... Eyni ssenarili, eyni menyulu, eyni musiqili, eyni münasibətli toylar davam edir! 500-600 nəfərlik 3 saatlıq məclisdə toy sahibi hər qonağa cəmi 30 saniyə vaxt ayıra bilər, onun da çoxu kəbin mərasiminə, rəqsə və xüsusi qonaqlara həsr olunur, necə deyərlər, “qara camaat” qalır əl-ayaq altında,heç bir diqqətdən, filandan danışmağa dəyməz.

Onsuz da orta səviyyəli şadlıq evlərindəki qiymətlər də 50-60 manat arasındadır, toya dəvət olunan adamların əksəriyyəti də 50 manatdan artıq pul yazdırmaq imkanında deyil, həm toy sahibinə ziyan, həm də dəvət olunana, olmazmı ki, uzaq demirəm,qardaş Türkiyədə olduğu kimi ən yaxın dostları, qohumları yığıb“kiməsə acıq və xeyir vermək üçün yox, balamıza həqiqi xeyr-dua qazanmaq”, şənlənmək, yaddaqalan gün yaşamaq üçün toy edək? Sonda hörmətli bir dostumuzun sözü yadıma düşdü. Professor Ağavəli İbrahimov deyir ki, “kim məni toya çağırırsa, sayıb, hörmət edib çağırdığına görə, Allah atasına rəhmət eləsin, kim çağırmırsa, Allah atasına da rəhmət eləsin, anasına da...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı