
Parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasını izləyən seçicilər hər axşam saat 21.00-dan 23.00-dək İctimai Televiziyanın efirində Milli Məclisin mandatını qazanmaq iddiasında olan şəxslərin canlı teledebatına tamaşa edirlər.
Pulsuz efir imkanı verilən deputatlığa namizədlərin hərəsi teledebatda özünü bir cür aparır. Kimi dil-boğaza qoymadan hakimiyyəti tərifləyir, kimi də əksinə iqtidarı tənqid edir, başqa biriləri kəkələyir, danışarkən tez-tez çaşıb “quş buraxır”. Diskussiyalar zamanı bəzi namizədlər arasında gərginliklər də yaşanır. Kamera qarşısında həyacandan tərləyən, dil-dodağı quruyan namizədlər də çox olur. Belə məqamda yəqin ki, bircə qurtum su dil-dodağı quruyan namizədə əsl dərman ola bilər.
Təcrübə onu göstərir ki, insanlar telekanalların canlı efirində debatlara çıxan zaman onlara mütləq su lazım olur. Amma İctimai Televiziya nədənsə teledebatlarda dəyirmi masa arxasında əyləşən namizədlərin qarşısına su ilə dolu stəkan qoymur.
Maraqlıdır niyə?
Modern.az saytının əməkdaşı bunun səbəbini öyrənmək üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədova müraciət edib.
İTV rəsmisi Tahir Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, dəyirmi masanın üzərinə su ilə dolu stəkanların düzülməsi üçün vaxt imkanı məhduddur. Onun sözlərinə görə, bir dairədən olan namizədlərin teledebatdakı çıxışı başa çatandan cəmi 25-30 saniyə sonra dəyirmi masa arxasına digər seçki dairəsinin nümayəndələri əyləşir.
“Yəni arada vaxt darlığı var. Həmin müddət ərzində isə faktiki olaraq stəkanları dəyişmək mümkün deyil. Eyni stəkanda bir neşə nəfərin su içməsini təşkil etmək isə etikadan kənardır”.
Tahir Məmmədov onu da deyib ki, İTV-nin xüsusi qonaq otağı var və deputatlığa namizədlər efirdən öncə orada əyləşir, onlara çay, su, meyvə şirəsi verilir.
Amma Modern.az-a daxil olan məlumata görə, İTV rəhbərliyinin debata çıxan namizədlərin qarşısına stəkan qoymamasının özgə səbəbi var. Belə ki, İTV rəhbərliyinin deputatlığa namizədlərin bəzilərinin stəkandan soyuq silah kimi istifadə edə biləcəklərindən ehtiyatlanaraq teledebatda onları sudan məhrum etdiyi bildirilir.
Axı əvvəlki seçkilər dövründə belə hadisə yaşanıb. Xatırladaq ki, həmin hadisə 2003-cü il prezident seçkiləri zamanı AzTV-də təşkil olunan debatda baş verib. O zaman prezidentliyə namizəd Əli Kərimlinin nümayəndəsi Fuad Mustafayev teledebatda yaşanan mübahisə zamanı masanın üzərindəki şüşə stəkanı götürüb prezidentliyə digər namizəd Hafiz Hacıyevə tərəf tullamışdı. Nəticədə H.Hacıyev xəsarət almış, F.Mustafayevə isə buna görə cinayət işi açılmışdı.
Elə Tahir Məmmədov da bizimlə söhbətdə həmin hadisəni xatırladı: “Əvvəlki seçki dövründə belə bir hadisə baş vermişdi, debatda stəkandan soyuq silah kimi istifadə edilmişdi. Ona görə də indi debata çıxan namizədlərin qarşısına stəkan qoyulmamasında həmin məqamın da rol oynadığını söyləmək olar”.
Modern.az