Metropoliten yanğınla bağlı açıqlama verdi: “Sərnişinlər xəsarət almayıb”

“Səhər saat 08:09 dəqiqədə 38 saylı marşurut üzrə hərəkət edən qatarın 4-cü vaqonunda “Koroğlu” metrostansiyasında elə platformanın özündə tüstüləmə baş verib. Sərnişinlərin təhlükəsizliyi baxımından onlar qatardan evakuasiya olunub. Bir müddət stanisiyaya girişə də məhdudiyyət qoyulub. Tüstüləmə aradan qaldırılıb və qatar baxış üçün depoya göndərilib”.
Bunu Modern.az-a metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, saat 08:30-dan etibarən qatarların hərəkəti qrafik üzrə bərpa olunub: “Sərnişinlərdən heç kəs zərər çəkməyib. Çünki vaxtında müdaxilə edilib. Onların təhlükəsizliyi baxımlından hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım maşınları cəlb olunub. Tüstüləmənin platformada baş verməsi demək olar ki, xoşagəlməz hadisənin qarşısını alıb. Qatar hazırda depodadır. Hadisə ilə bağlı hər hansı şəxsin məsuliyətə cəlb olunacağı araşdırmadan sonra bilinəcək. Tüstüləmə qatarın alt hissəsində baş verdiyindən texniki səbəbdən olduğu ehtimal edilir. Mühərrik və elektrik naqillərində yaranan nasazlıq da ehtimallar içərisindədir. Hazırda ciddi nəzarət var”.
Gülşən Raufqızı