Cəlaləddin Qasımov: “Kredit götürərək filmlər istehsal edirik”
“Mədəniyyət Nazirliyinin bəzi işçiləri görülən işlərlə bağlı qarayaxma kampaniyası ilə məşğuldurlar”.
Bu barədə Modern.az-a “SSP Production” şirkətinin rəhbəri Cəlaləddin Qasımov danışıb. O, daha sonra deyib:
“Guya dünyada minlərlə festival var və biz pul göndərib diplomlar alırıq. Hansı ki, 2019-cu ildən bu yana filmlərimizin iştirak etdiyi bütün festivallların heç birinə rüsum ödəməmişəm. Bütün sənədləri təqdim edə bilərəm. Sual edirəm, sizin bəyənmədiyiniz festivallarda qonşu ölkələrin filmləri ilə rastlaşıram. Amma ən çox da Ermənistanın Qarabağla bağlı çəkdiyi filmləri ürək ağrısı ilə seyr edirəm. Dünya ictimaiyətini saxta, yalan məlumatlara inandıraraq, özlərini Qafqazın ən mədəni xalqı kimi göstərirlər. Sual edirəm, kinoya ayrılan pullar hara xərclənir?”.
C.Qasımov deyib ki, “SSP Production” olaraq beş film istehsal edib, 170 beynəlxalq festivalda uğur qazanıblar:
“Beş ssenarimizi Mədəniyyət Nazirliyinə müsabiqəyə göndərdik, lakin heç biri keçmədi. Biz daha sonra həmin filmləri özümüz istehsal etdik və 170 mükafat aldıq. Bu mükafatların hamısı filmlərin ssenarisinə görə verildi.
Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan banklardan kredit götürərək öz hesabımıza aparmışıq. Gördüyümüz bütün işlər haqqında faktlarlı təqdim edə bilərəm. Çəkdiyimiz filmlərdə dövlətimizin, xalqımızın dəyərlərini dünya ictimaiyyətinə nümayiş etdirmişəm.
Ölkə başçısı cənab İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə imzaladığı sərəncama uyğun olaraq, “Şollerin arxivi” filmini çəkdik. Film Alman-Azərbaycan dostluğundan, Azərbaycanın multikultural dəyərlərindən bəhs edir.
Dünya mediasında, jurnallarda, saytlarda filmlərimiz barədə çoxsaylı yazılar yayımlandı. Filmlərimizi dünya distribütorlarının “iPitch.tv”, “Vimeo”, “Amazon” 17 platformasına yerləşdirildi. Bu filmdən sonra dünyanın bir çox ölkələrindən festival təşkilatçıları bizə müraciət etdi”.
C.Qasımov deyib ki, son üç ilə yaxındır filmlərin təqdimatı yoxdur. Heç bir televiziya kanallarında nümayiş olunmur.
“Həmin filmlər sadəcə arxivə gedir. Bilmək istərdim ki, Mədəniyyət Nazirliyinin bu işdə marağı nədir?”,- deyə, tanınmış rejissor və prodüsser Cəlaləddin Qasımov Mədəniyyət Nazirliyindən şikayətlənib.
O, nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovla görüşdüyünü də vurğulayıb:
“Ondan xahişim oldu ki, müsabiqə obyektiv keçirilsin. “Oskar”a film göndərəndə 17 sənəd istənilir. Amma məndən 50 sənəd istədilər. İki ay işimi-gücümü atıb, sənəd toplamışam. Ürək ağrısı ilə erməni filmləri izləyirəm. Hansı ki, Azərbaycanı dünya ictimaiyyətinə işğalçı və Qafqazın ən yırtıcı xalqı kimi təqdim edirlər. Onlarla mübarizə aparmaq əvəzinə, göndərdiyim ssenariləri bəyənmədilər. Uzun illərdir bu sahədə demək olar ki, ermənilərlə təkbaşına mübarizə aparıram.
Beynəlxaq festivallarda ermənilərin Qarabağla bağlı çəkdiyi saxta filmləri daim ürək ağrısı ilə seyr edib, onlara qarşı çıxışlar edirəm. Bununla da Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq işinə gücümüz yetdiyi qədər töhfələr verməyə çalışırıq”.
“SSP Production”un rəhbəri ABŞ Nümayəndələr Palatasının konqresmeni Jimmy Gomez tərəfindən imzalanmış diploma layiq görüldüklərini də qeyd edib.
“Eyni zamanda ABŞ Nümayəndələr Palatasının sponsorluğu ilə keçirilən festivalda qalib olduq, müvafiq jurnalda filmin adı qaliblər arasında çıxdı. Dünya mediasında, jurnallarda, saytlarda filmlərimiz barədə çoxsaylı yazılar yayınlandı. Dünya distribütorları tərəfindən filmlərimiz 17 platformaya yerləşdirilib.
Təkcə iyul ayında təqdim etdiyim aşağıdakı festivallarda uğur qazandıq:
- Bolqarıstanın “Qızıl Femi” Film Festivalı. Bu festivalda “Qızıl Femi” mükafatına layiq görüldük. Qeyd edim ki, bu Festival Bolqarıstan dövlətinin vitse-prezidentinin dəstəyi ilə keçirilir.
- Fransanın Kann şəhərində keçirilən “Cannes World” Film Festivalı.
- İngiltərənin “Lift-Off” Film Festivalı.
- Çilinin “Cənub Kino və İncəsənət Akademiyası” Festivalında qalib olduq.
- ABŞ-ın 19-cu Accolade festivalında qalib olduq, qızıl mükafata layiq görüldük.
- Kanadanın Toronto şəhərində keçirilən “Film For Peace” festivalında qızıl mükafata layıq görüldük.
İnternetin axtarış provayderlərində “Cəlaləddin Qasımov”, “Jalaladdin Gasimov” sözlərini yazıb axtarışa versəniz, gördüyüm işlər barədə ətraflı məlumat ala bilərsiniz”, - deyə müsahibimiz söyləyib.