İşğaldan azad edilmiş bütünn bölgələrimizdə tikinti-quruculuq işləri aparlır. Buna paralel olaraq, cənab Prezidentin tapşırığı və Heydər Əliyev Fondunun dəstəyi ilə azad olunmuş ərazilərdə bir neçə məscid yenidən qurulub və ya əsaslı təmir olunub.
Zəngilan Məscidi, Ağdam Cümə Məscidi, Şuşada Yuxarı Gövhər Ağa, Saatlı və Aşağı Gövhər Ağa məscidləri ibadət üçün vətəndaşların istifadəsindədir.
Bəs Xankəndidə nə zaman məscid tikiləcək?..
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov Modern.az saytına açıqlamasında bildirib ki, azad olunmuş ərazilərdəki tikinti və quruculuq işləri birbaşa Prezidentin diqqəti və nəzarəti altında aparılır.
"Məscid Allahın evidir. Cənab Prezident ibadət evlərinə xüsusi diqqət ayırır. Məsələn, buna qədər Ağdam Cümə Məscidi əsaslı təmir olundu, Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidləri, Zəngilan Məscidi və bu yaxınlarda Şuşada Aşağı Gövhər Ağa Məscidi əsaslı təmir olunaraq ibadət üçün vətndaşlarımızın ixtiyarına verildi. Yəqin ki, gələcəkdə Allahın izni və cənab Prezidentin tapşırığı ilə növbəti belə məscid Xankəndi şəhərində inşa ediləcək. Biz buna çox sevinərik", - deyə QMİ sədrinin müavini bildirib.
Xankəndidə, Əsgəranda, Hadrutda niyə məscid olmasın?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, tarixçi professor Anar İsgəndərov bildirib ki, Azərbaycan xalqı islami dəyərlərlə fəxr edir:
"İşğaldan azad olunan ərazilərlə bağlı Azərbaycanın dövlət başçısının və Birinci vitse-prezidentin vahid planları var. Gecə-gündüz quruculuq işləri gedir. Elə tarixi və dini abidələrimiz var ki, onların bərpası aparılır. Şuşada, eləcə də Hadrutda yeni məscidin bünövrəsi qoyulub. Xalq olaraq, milli-dini dəyərlərimizlə həmişə öyünüb, fəxr etmişik. İşğaldan azad olunmuş ərazilərdə də dini abidələrin tikilməsi, tarixi abidələrin bərpası gündəmdədir. Bu istiqamətdə işlər gedir.
Şuşada Yuxarı Gövhər Ağa Məscidi bərpa edildi, eləcə də Aşağı Gövhər Ağa Məscidi təmir olundu. Şuşada keçirilən Zirvə görüşündə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin başçıları bərpadan sonra məscidin açılışında iştirak etdilər. Təbii ki, Xankəndi və Əsgəranda da bu istiqamətdə işlər gedir. Dövlətin bütün dinlərə hörməti var. Amma Azərbaycan xalqı olaraq, biz islami dəyərlərlə öyünüb, fəxr edirik və bu gün də həmin dəyərlərin təbliği üçün nələrə ehtiyac varsa, həyata keçirilir”.
A.İsgəndərovun sözlərinə görə, Xankəndi, Əsgəran və Hadrutda məscidlərin inşa olunmaması üçün heç bir səbəb yoxdur:
“Bütün ehtiyaclar artıqlaması ilə təmin olunur. Məscidə ehtiyac varsa, inşa olunur. Hətta gələcəkdə mədrəsəyə ehtiyac olsa, inşa oluna bilər. Burada qeyri-adi bir şey yoxdur. Azərbaycanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunan ərazilərdə də insanların dini ehtiyaclarını ödəməsi üçün məscidlər inşa olunacaq. Buna heç kəsin şübhəsi olmasın. Xankəndidə, Əsgəranda, Hadrutda niyə məscid olmasın? Erməni ürəyindən keçən qəddarlığı edib, hər şeyi dağıtdı. Ancaq bu gün Azərbaycan ərazi bütövlüyünü təmin edibsə, deməli, öz dini və milli dəyərlərimizi lazım olan səviyyədə inkişaf etdirəcəyik”.