Modern.az

Jurnalist qətlə haqq qazandırır, cəmiyyət bəraət istəyir - Rəşad Dağlı cinayəti

Jurnalist qətlə haqq qazandırır, cəmiyyət bəraət istəyir - Rəşad Dağlı cinayəti

Media

12 Noyabr 2022, 10:38

Noyabrın 9-da məşhur meyxanaçı Rəşad Dağlının qonşusuna 14 bıçaq zərbəsi vuraraq öldürməsi gündəmin əsas müzakirə mövzusuna çevirilib. İlkin olaraq R.Dağlının 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi narkotik satdığına görə öldürdüyü deyilsə də, sonradan hadisənin əsas motivləri üzə çıxıb. Məlum olub ki, İ.Mehtiyev R.Dağlını barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edirmiş. Məsələ ətrafında qızğın müzakirələr açılan sosial şəbəkələrdə aralarında jurnalistlərin də olduğu əksəriyyət qətlə bəraət qazandıraraq, R.Dağlıya azadlıq tələb edib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, jurnalistlərin bu məsələdə tərəf tutması qəbuledilən deyil:

 

“Jurnalist istintaq prosesinin daha ədalətli aparılmasında, cinayətin hərtərəfli araşdırılmasında və məhkəmənin ədalətli qərar çıxarmasında maraqlı olmalıdır. Çünki jurnalist həm də bir vətandaşdır. Onun vətəndaş marağı da bunu tələb edir. Qətl hadisəsinə bəraət qazandırmaq olmaz. Heç kəs sabah hansısa qatilin qurbanına çevirilməkdən sığortalanmayıb. Ümumiyyətlə mətbuat və ziyalılar cinayəti ancaq qınamalıdır. Cinayətkarların cəzalandırılması istiqamətində fəaliyyət göstərməliyik. Azərbaycanda cəzasızlıq mühiti yarana bilməz. Belə tendensiya varsa, ona qarşı birgə mübarizə aparmalıyıq”.

Baş redaktorun sözlərinə görə, ortada ciddi cinayət hadisəsi var:

“Hesab edirəm ki, Rəşad Dağlının qonşusu İskəndər Mehtiyevi qətlə yetirməsi faktı hərtərəfli araşdırılmalıdır. Rəşad Dağlı populyar adam olduğuna görə, ictimaiyyət, mətbuat, sosial şəbəkələr bu qətl hadisəsinə daha çox vaxt ayırdılar. Halbuki Azərbaycanda hər gün  demək olar ki, analoji qətl hadisələri yaşanır. Bəzən bir gündə iki və daha artıq şəxs qətlə yetirilir. Mən kənar şəxslərin, mətbuatın, sosial şəbəkələrin və ictimaiyyətin bu məsələyə müdaxiləsinə yaxşı baxmıram. Mən bunu istintaqa təsir elementi kimi qiymətləndirirəm. Artıq istintaq başladığı üçün hamı susmalıdır. Bundan sonra qanun danışmalıdır. Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Cəmiyyətdə tutduğu mövqeyindən, imkanından , şəxsi əlaqələrindən asılı olmayaraq, qanun hər kəsə şamil olunur. Bu məsələ qanun çərçivəsində həllini tapmalıdır”.

S.Verdizadə mətbuatın kütlə arxasınca getməsindən şikayətlənib:

“Reytinq xatirinə  mətbuatda, xüsusilə elektron kütləvi informasiyaları arasında amansız yarış gedir. Etiraf edim ki, bəzən tanınmış, peşəkar redaksiya heyətinə malik saytlar belə reytinq uğrunda mübarizədə rəqibə uduzmamaq üçün prinsiplərini arxa plana keçirir. Biz kütləni öz arxamızca aparmalıyıq. Ancaq özümüz kütlənin arxasınca gedirik. Dırnaqarası reytinq savaşında heç kim geri qalmaq istəmir. Bu da bütövlükdə cəmiyyətə zərbə vurur. Burada bir məsələyə toxunmaq istəyirəm. Rəşad Dağlının məhkəmə prosesi qapalı keçirilib. Ancaq qapalı keçirilən məhkəmədə olanlar, verilən qərarlar hamısı mətbuata açıqlandı. Qapalı keçirilən məhkəmədəki sirrlərin qorunmasına görə, məsuliyyət daşıyan qurum var. Yəqin ki, bu qurum işin həyata keçirildiyi məhkəmə instansiyasıdır. Təəssüflər olsun ki, bu gün hətta istintaq sirrləri də mətbuata yol tapıb. Mənə elə gəlir ki, bu cür  xoşagəlməz vəziyyətin yaranması sadəcə KİV-in, jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin təqsiri deyil. İstintaq sirrini qorumağa cavabdeh olan orqan bunu qoruya bilmir. Bu xoşagəlməz vəziyyətə görə, məhkəmə orqanını, həm də reytinq uğrunda amansız yarışa girən KİV-i müəyyən mənada qınayıram”.

 

Kriminalist Mahmud Hacıyev isə bildirib ki, iddia olunan faktlar cinayət törətməyə əsas verə bilməz:

 

“Son zamanlar çox qəribə bir tendensiya yaranıb. Kimsə kimisə öldürür, daha sonra öldürülənin narkoman olması əsas gətirilir. Hər nə olur olsun ölən də insandır. Qarışıdakı insanın ictimai mənsubiyyəti öldürülməsi üçün əsas vermir. İndi bəzi insanlar deyirlər ki, qətli törədən şəxs məşhur bir şəxsdir, ağıllı insan olub, onun öldürdüyü şəxs isə elə də yaxşı insan olmayıb. Yaxud söyüş söyülməsini əsas gətirib, onun tərəfini saxlamağa çalışırlar. Ancaq söyüş üçün də qanunvericilikdə maddə var. Yəni bu iki yanaşma da düzgün deyil”.

Onun sözlərinə görə, zəruri müdafiə üçün adam öldürmə və affekt halında adam öldürmə kimi iki halda qətli törədən şəxsə güzəşt edilə bilir:

“Affekt halı güclü ruhi həyacan zamanı meydana gəlir. Patoloji və fiziolji olmaqla iki affekt halı var. İstintaqçı araşdırmasında bunları nəzərə alır. Məsələn, birinin gözünün önündə başından çəkiç vurub uşağını öldürdükdə şəxs affekt halına düşərək, qətl hadisəsi törədə bilir. Üstünə silahla gələn şəxsi öldürən şəxs isə özünümüdafiə etmiş olur. Çünki bu zaman real təhlükə yaranmış olur. Yeri gəlmişkən taxtayla kimsə hücum etsə, onu güllələmək və bunu həmin şəxsin narkoman olması ilə əsaslandırmaq düzgün yanaşma deyil. Və həmin şəxs özünümüdafiə etmiş sayılmır”.

Sonda kriminalist vurğuayıb ki, istintaq hələ uzun çəkəcək və yalnız bundan sonra dəqiq nəsə demək olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu