Modern.az

Baş redaktorlar Rəşad Məcidin addımını ALQIŞLADILAR

Baş redaktorlar Rəşad Məcidin addımını ALQIŞLADILAR

5 Dekabr 2022, 13:46

Hüquqşünas Aslan İsmayılovla “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlı arasında illərdir davam edən məhkəmə çəkişməsinə ictimai səviyyədə son qoyulub. Barışıq Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin vasitəçilyilə mümkün olub.

Belə ki, Rəşad Məcis iddiaçı tərəf kimi tanınan Aslan İsmayılova müraciət ünvanlayaraq ondan Taleh Şahsuvarlıya qarşı şikayətini geri götürməyi xahiş edib. Öz növbəsində hüquqşünas da Mətbuat Şurası sədrinin müraciətini müsbət cavablandırıb.  

Baş redaktorlar Mətbuat Şurasının bu addımı haqqında Modern.az-a danışıblar.


Türküstan.az-ın baş redakotoru Aqil Camal deyib ki, Mətbuat Şurasının sədri Rəşad Məcidin məlum hadisə ilə bağlı müraciətini oxuyub və sevinib:

 

“Təqdir edirəm ki, bu cür formalar seçilir. Media ilə bağlı olan məsələlərin məhkəmə predmetlərinə çevrilməsi, məhkəmə prosesinə gedib çıxmasına ehtiyac yoxdu. Azərbaycan Mətbuat Şurası da bunun üçündür ki, cəmiyyətdə bu cür məsələləri razılıqla, anlaşma ilə həll etsin. Bu addımı mən də alqışlayıram. Aslan İsmayılovun digər həmkarımız Aygün Muraxdanlı ilə bağlı iddiası da məhkəmə araşdırmasındadır. Analoji addımın Aygün xanımla bağlı da atılmasını istəyərəm. Hesab edirəm ki, bunun üçün Mətbuat Şurasının Aslan bəyə yenidən müraciətinə ehtiyac qalmayacaq. Aygün xanımın yetkin, təcrübəli jurnalist, media rəhbəri və xanım olması nəzərə alınıb iddia ilə bağlı analoji addım atılmasını gözləyirəm”.

 

Yenisabah.az-ın baş redaktoru Seymur Verdizadə də Rəşad Məcidin barışıq təşəbbüsünü müsbət qiymətləndirib:

 

“Mətbuat Şurasının bir vəzifəsi də jurnalistləri yad təsirlərdən qorumaqdır. Uzun illər belə olub. Rəşad Məcid Mətbuat Şurasının fəaliyyətinə yaxından bələd olduğu üçün bu ənənəni davam etdirir. Bu arada, Aslan İsmayılovun jestini də yüksək qiymətləndirirəm, sağ olsun. Hesab edirəm ki, jurnalistlərin konfliktdə olduğu şəxslərlə problemləri məhz bu cür mütərəqqi üsullarla çözülməlidir”.

Baş redaktor qeyd edib ki, mətbuatla düşmənçilik bizləri inkişafdan saxlayır:

“Açıq cəmiyyət quruculuğunda güclü mətbuatın rolu danılmazdır. İntriqalar, məhkəmə çəkişmələri Azərbaycan mətbuatının inkişafını əngəlləyir. Biz önümüzdəki əngəlləri qaldırmaqla böyüyə, inkişaf edə bilərik”.


Bakıvaxtı.az-ın baş redaktoru Qalib İbrahimoğlu bildirib ki, Mətbuat Şurası media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir:

 

“Ancaq bəzən məsələlər məhkəmə müstəvisinədək gedib çıxır. Haqqında söz açılan məsələ də bu qəbildəndir. Tərəflər arasında qarşıdurma illərdi davam edirdi. Ancaq jurnalist Taleh Şahsuvarlının məhkəmə proseslərinə son qoyulması üçün Mətbuat Şurasının sədri Rəşad Məciddən bir növ vasitəçi olmasını xahiş etməsi, Mətbuat Şurasının sədrinin Aslan İsmayılova bununla bağlı müraciəti, qarşı tərəfin cavabının özünü çox gözlətməməsi alqışalayiq haldır. Bu addım həm də Mətbuat Şurasının nüfuzunun artmasına gətirib çıxaracaq”.

 

Azpost.info-nun  baş redaktoru Xaqani Səfəroğlu söyləyib ki, Mətbuat Şurasının bu barışıq vasitəçiliyini təqdir edir:

“Mübahisələrin amiranə məhkəmə salonlarında deyil, sözlə yoluna qoyulması yaxşıdır. Tanınmış vəkil Aslan İsmayılov ictimai fiqurdur, rəy moderatorudur. Taleh Şahsuvarlı da imzası tanınan jurnalistdir. Belə publik şəxslər arasında qalmaqal xoş deyildi. Rəşad Məcidin bu addımı xoşəglməz vəziyyəti aradan qaldırdı. Təhqirin əleyhinəyəm. Xüsusən ictmai yükü olan adamlara yönəlik təhqirlər cəmiyyətdə pis iz qoyur. Ümid edirəm ki, bundan sonra belə xoşagəlməz mübahisələrin şahidi olmayacağıq. Digər bu tip qalmaqalların da məhkəməsiz barışıqla bitməsini arzu edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər