Modern.az

"Bu, ədalətsizlikdir" - Hüseynbala Mirələmov oğlunun məhkəməyə verilməsindən DANIŞDI

"Bu, ədalətsizlikdir" - Hüseynbala Mirələmov oğlunun məhkəməyə verilməsindən DANIŞDI

16 İyul 2024, 11:27

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun oğlu supulunu ödəmədiyi üçün məhkəməyə verilib. Məlumata görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Bu səbəbdən “Azərsu”ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

 

Hüseynbala Mirələmov oğlunun supulunu ödəmədiyi üçün məhkəməyə verilməsinin təfərrüatları ilə bağlı Modern.az-a danışıb.

 

Keçmiş deputat vurğulayıb ki, hadisənin görünməyən tərəfləri var:

 

"Oğlumun vaxtilə bir yerdə işlədiyi dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, Fəridin Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, "get, qal". Dostu oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə edib. Lakin supulunu ödəməyiblər.  Bağ oğlumun adına olduğuna görə, borc onun adına yazılıb. Oğlum həmin adama zəng edib məsələni danışıb. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib".

 

Hüseynbala Mirələmov məsələ ilə əlaqədar mətbuatda adının hallanmasından da söz açıb:

 

"Mən dəfələrlə, müsahibə vermişəm ki, seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Məni bir məsələ maraqlandırır: lap fərz edək, oğlum supulunu ödəməyib, bəs mənim bu məsələyə nə aidiyyətim var? Mənim şəkilimi qoyub, "Sabiq deputatın oğlu məhkəməyə verildi" deyə başlıq yazıblar. Bu, nə deməkdir? Lap deyək ki,  oğlum supulunu ödəməyib, onun şəklini qoyardınız. Yoxsa mənim şəklimi qoyub, adımı hallandırıblar. Mən bunu anlaya bilmirəm. Bu, ədalətsizlik və jurnalistikaya xəyanətdir. Mən "Politexnik institutu"nu bitirsəm də, 5 il "Azərbaycan Pioneri" qəzetinin Ədəbiyyat şöbəsində baş redaktor işləmişəm. Onda bunlar heç dünyada yox idilər. İndi mənə jurnalistika öyrədirlər? Nə məqsədlə bunu etdiklərini bilmirəm. Mən istəsəm, belə bir həvəsim olsa, onların səviyyəsinə ensəm, onları məhkəməyə də verə bilərəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri