Modern.az

“Nə qədər separatçı varsa, hamısı gedəcək” - Vardanyanın qovulmasına REAKSİYA

“Nə qədər separatçı varsa, hamısı gedəcək” - Vardanyanın qovulmasına REAKSİYA

Parlament

23 Fevral 2023, 17:35

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" qovulub. Moskvanın adamı kimi tanınan təxribatçı milyarderin yerinə Qurgen Nersisyan gətirilib. Onun Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə "dövlət naziri" postuna "təyin olunduğu" bildirilir. Erməni ekspertlər isə hesab edirlər ki, Ruben Vardanyan Azərbaycanın tələbi ilə "vəzifədən" göndərilib.

 

Bu haqda Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, Vardanyanın Qarabağdan getməsi Prezident İlham Əliyevin şərtinin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir:

 

"Vardanyan getməli idi. Cənab Prezidentimiz bu məsələyə Münhen konfransında toxundu. Sözünü deyib, şərtini qoydu. Biz bu "istefanı" sərt formada qoyulan şərtin nəticəsi kimi qəbul etməliyik. Hesab edirəm ki, Vardanyanın arxasınca ərazimizdə kök salmış nə qədər separatçı varsa, hamısı gedəcək. Getməyib, qalanlar isə Azərbaycanın qanunları qarşısında cavab verməli olacaq. Bu, Azərbaycanın həm siyasət aləmində, həm də hərb aləmində qazandığı uğruların, qələbələrin nəticəsidir. Artıq vaxt daralır".

 

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev haqlı mövqedən çıxış edir, buna görə də Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur:

 

"Münhen konfransında Prezident tutarlı faktlarla Azərbaycanın haqlı mövqeyini ortaya qoydu. Prezidentin səsləndirdiyi fikirlər beynəlxalq hüquqa uyğundur. Bu haqlı tələblər qarşısında nə Ermənistan, nə də onun böyük bacısı (Fransa-red) şərt irəli sürüb, etiraz dilə gətirə bilir. Ermənilər bilirlər ki, etdikləri cinayətlərə görə cavab verəcəklər. Əvvəl-axır Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar".

 

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Laçın yolundakı etiraz aksiyasının Ruben Vardanyanla əlaqəsi yoxdur. Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır.

 

"Bu tələbimiz yerinə yetirilməyib. Ona görə də Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb", - politoloq vurğulayıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının plenar iclasında çıxışı zamanı Vardanyanın Qarabağdan uzaqlaşdırılması məsələsini diqqətə çatdırmışdı.

 

"Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin", - deyə Prezident Azərbaycanın tələbini açıqlayıb.

Bu xəbər ilə bağlı
Vardanyanın yerinə gətirilən “Sorosun adamı” KİMDİR...
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır