Modern.az

Azərbaycanlı deputatlar Sinan Oğanın müdafiəsinə QALXDILAR

Azərbaycanlı deputatlar Sinan Oğanın müdafiəsinə QALXDILAR

24 May 2023, 16:15

ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Ərdoğan tərəfdarları Oğanın qərarını alqışla, bəzi müxalifət nümayəndələri isə təhqirlə qarşılayıb. Sosial şəbəkələrdə apardığımız müşahidələr göstərir ki, CHP lideri Kamal Kılıçdaroğlunun Azərbaycandakı tərəfdarları da Sinan Oğana münasibətdə qərəzli yanaşma sərgiləyir.

 

Məsələyə münasibət bildirən Milli Məclisin deputatları bildiriblər ki, Sinan Oğanın Ərdoğanı dəstəkləməsi barədə qərarına hörmətlə yanaşmaq lazımdır. 

 

 

Deputat Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, ATA İttifaqının namizədi olmuş Sinan Oğanın ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi Azərbaycan ictimaiyyətinin mövqeyini əks etdirir.

 

"Bu addım göstərdi ki, Sinan Oğanın seçkiyə qatılmasında məqsədi milli dövlətçiliyin və maraqların qorunmasıdır. Onun Ərdoğanla görüşü zamanı irəli sürdüyü təklifləri təhlil edərkən bunun şahidi olduq. Oğanın irəli sürdüyü təkliflər demək olar ki, “Cümhur İttifaqı”nın seçki platformasının təməl prinsipləri ilə eynidir. Eləcə də ATA İttifaqının prinsipləri bir-birinə çox yaxındır. Sinan Oğanın irəli sürdüyü təkliflər uzun illərdir Türkiyə dövlətinin apardığı işləri əks etdirir. Onun terrora qarşı mübarizə haqqında təklifləri var idi, onsuz da Türkiyədə terror aktlarının minimuma endirilməsində Ərdoğanın çox böyük xidmətləri olub. Bilirsiniz ki, 5-6 il bundan öncəyə qədər Türkiyənin bütün şəhərlərində hər gün terror hadisəsi barədə xəbərləri eşidirdik. Ərdoğan və onun komandası terrora qarşı mübarizədə böyük uğur əldə edib. Bu gün Türkiyənin daxilində terror hadisələri demək olar ki, yoxdur. Uğurlu mübarizənin nəticəsidir ki, terrorla mübarizə artıq daxildə deyil, sərhəddən xaricə daşınıb. Türkiyənin güneyində - Suriya və İraqda PKK, YPG və müxtəlif cür terror təşkilatları var, hazırda demək olar ki, onların Türkiyə daxilindəki bağlantıları, kökü kəsilib. Türkiyə sərhədində baş verən terrora qarşı ciddi mübarizə gedir. Hər kəs inanır ki, Türkiyənin istər içərisində, istər sərhədlərdə olsun, terrorun kökü tamamilə kəsiləcək".

 

Deputat Ərdoğanı dəstəklədiyinə görə, Sinan Oğana təşəkkür edib:

 

"Əsas məsələ odur ki, Sinan Oğanın təkliflərinin hamısı Ərdoğanın rəhbərliyi ilə həyata keçirilir. Sözsüz ki, Sinan Oğanın bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Mən fürsətdən istifadə edib Sinan Oğana Ərdoğanı dəstəklədiyinə görə təşəkkür edirəm. Sinan Oğan Azərbaycan xalqının lideri, türk dünyasının görkəmli xadimi, Prezident İlham Əliyevin açıq və net mövqe sərgilədiyini gördü və Azərbaycan xalqının açıq olaraq Ərdoğanı dəstəklədiyini bilirdi. Mən inanmırdım ki, Sinan Oğan Azərbaycan xalqının həssaslığına, Ərdoğana olan dəstəyinə laqeyd qalsın".

 

 

Milli Məclisin deputatı Cəbi Quliyev isə Sinan Oğanın qərarının düzgün olduğunu söyləyib:

 

"Türkiyənin və türk dünyasının gələcəyinin seçkilərlə birbaşa bağlı olduğunu Sinan Oğan yaxşı anlayır. Hakim partiyanın dövlətçilik üçün gördüyü işlər göz qabağındadır. Ötən günlərdə müxalifətdən olan namizədin "həyatımın layihəsidir" dediyi “Böyük İpək Yolu”nun Azərbaycandan və türk dövlətlərindən yan keçməsi Sinan Oğan kimi milliyyətçi siyasətçinin qərarına təsir göstərdi. Kılıçdaroğlunun layihəsi türk dünyasından yan keçir. Ancaq müxalifət hələ də başa düşmür ki, Azərbaycanda Prezident İlham Əliyevin, Türkiyədə isə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu proses uzun zamandır başlayıb. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini reallaşdırmışıq. Yaxın günlərdə Naxçıvandan keçən dəmiryolu Qarsa birləşdiriləcək. Biz bu işi həyata keçirmişik.

 

O, Ərdoğanı dəstəkləməklə Türkiyədə milli düşüncəni, milli dövlətçiliyi dəstəkləmiş oldu. Sinan Oğan Azərbaycandan Türkiyəyə köçmüş ailədə dünyaya gəlib və orada boya-başa çatıb. Onun milli duyğuları imkan verməzdi ki, indiki müxalif dəstənin yanında yer alsın. Türkiyə demokratik ölkədir. Birinci turda biz  demokratiyanın nə qədər yüksək səviyyədə olduğunu gördük. Ərdoğan qalib gələ bilərdi. Lakin "50+1" bariyeri buna imkan vermədi".

 

Deputat Sinan Oğanın qərarına görə tənqid edilməsinə də toxunub:

 

"Demokratik ölkədə 5 faizdən çox kütlənin səsini əldə etmiş bir ittifaqın rəhbərinin istədiyi adamın yanında durub, tərəfdarlarını ona səs verməyə çağırması normal haldır. Təbii ki, təhqir və tənqidlərin haradan, necə ünvanlandığı bəllidir. Onlar həm Türkiyəni, həm türk dünyasının güclənməsini istəməyən qüvvələrdir. Bu işdə Qərb ölkələrindən maliyyəşən müxtəlif təşkilatların böyük rolu var. Seçkiyə qədər olan prosesləri izləyəndə görürük ki, müxalifətdə olan qüvvəni dəstəkləyən Qərb qüvvələri var. Onlardan Sinan Oğanın şəxsində  mövcud hakimiyyəti, ittifaqı pisləmək, onu ləkələmək üçün istifadə olunur".

 

 

Milli Məclisin deputatı Elman Məmmədov da Ərdoğanı dəstəklədiyinə görə Sinan Oğana təşəkkür edib:

 

"Sinan Oğanın atdığı addımı alqışlayıram. Ona təşəkkür edirəm. Kim Türk dünyasının güclü olmasını, birliyini, inkişafını istəyirsə, Ərdoğanı dəstəkləməlidir. Sinan Oğan da belə hərəkət etdi. Sinan Oğanı bu hərəkətinə görə tənqid və təhqir edənlər türkün düşmənidir. Onlar Türkiyənin parçalanmasını istəyənlər, xaricdən idarə olunmasını arzulayanlardır. Bunların arxasında Kılıçdaroğlu və onun ətrafındakı şəxslər durur".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir