Modern.az

Deputatlar hərbçilərin pensiya yaşından nələr danışdılar...

Deputatlar hərbçilərin pensiya yaşından nələr danışdılar...

5 Dekabr 2023, 21:26

Milli Məclisin dekabrın 5-də keçirilən plenar iclasında hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı aparılan müzakirələrdə parlamentin sədri Sahibə Qafarova qanun layihəsi ilə əlaqədar parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə dair mətbuat konfransının keçirilməsi haqqında deputatlara tapşırıq verib.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, S.Qafarovanın tapşırığına əsasən, Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlar Arzu Nağıyev və Vüqar Bayramov bu qanun layihəsinə təklif olunan dəyişikliklərə aydınlıq gətiriblər.

 

Bildirilib ki, peşəkar hərbi qulluqçuların hazırlanması üçün uzun illər tələb olunur. Bu dəyişiklik də hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədi daşıyır. Ona görə də hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif edilir.

 

Nəzərdə tutulan dəyişiklik bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı da özündə ehtiva edir. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövr üçün qulluq stajına görə əlavənin 50 faizdən 65 faizə qaldırılması təklif edilir.

 

Qeyd olunub ki, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsinin qüvvəyə minəcəyi 2024-cü il 1 yanvar tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcəkdir. Bundan başqa, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də nəzərdə tutulub.

 

Sonra media nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı