Modern.az

Ağ xalatlıların günü... - Xocavənddən xüsusi REPORTAJ

Ağ xalatlıların günü... - Xocavənddən xüsusi REPORTAJ

Reportaj

17 İyun 2023, 10:00

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçürülüb. Səhəri gün hökumətin kabinəsində ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

 

Onu da bildirək ki, 44 günlük Vətən müharibəsində hərbi tibb işçiləri misilsiz qəhrəmanlıq və şücaət göstərib. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

 

Azad olunmuş ərazilərdəki xilaskarlar

 

Modern.az olaraq Tibb İşçilərinin Peşə Bayramı Günü “ağ xalatlıların” işini yerində müşahidə etmək üçün bir müddət əvvəl Xocavənd rayonu ərazisində istifadəyə verilmiş hərbi hospitala baş çəkdik.

 

250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.

 

Yeni hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusu inşa edilib. Korpusun fizioterapiya şöbəsində bizi bel nahiyəsindəki ağrılarla həkimə müraciət edən hərbi qulluqçunu müalicə edən tibb bacısı qarşılayır. O, hərbçidə revmatizm əlamətləri müşahidə edildiyini və xüsusi qurğularla gündə bir dəfə müayinə aparıldığını bildirir. Artıq üç gündür hospitalda olan hərbçinin müalicəsinin uğurla davam etdiyi və irəliyiş əldə olunduğu qeyd edilir. Tibb bacısının sözlərinə görə, hərbçilər əsasən bel ağrıları ilə şöbəyə müraciət edir və onlara yüksək səviyyədə xidmət olunur. Şöbədə müalicə alan hərbçi idman zamanı bel ağrısı yarandığını və hazırkı müalicə prosesində müsbət nəticə əldə etdiyini söyləyir.

 

Qeyd edək ki, korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.

 

Terapiya bölməsinin koodinatoru, tibb xidməti baş leytenantı Nurəddin Həsənov bildirir ki, müraciət edən hərbçilər ilk olaraq qəbul-çeşidləmə otağına qəbul edilir, ardınca ilkin müayinə və yardım burada aparılır. Stasionar müalicəyə ehtiyacı olan hərbçilər əsasən ağciyər, mədə-bağırsaq, nevroloji xəstəlikləri ilə müraciət edirlər.

 

Həsənovun sözlərinə görə, hazırda terapiya bölməsində anemiya, bronxit, pnevmoniya şikayətləri ilə daxil olan xəstələr müalicə alır. Onların müalicəsi 10 gün davam edir. Baş leytenant vurğulayır ki, palatada yatan hərbçilərdə kliniki müsbət dinamika qeydə alınıb.

 

Bölmədə yerləşən palatada müalicə alan əsgər Əli İsmayılova pnevmoniya diaqnozu qoyulub. Artıq 5 gündür hospitalda olan hərbi qulluqçu onun qayğısına qalan bütün tibb işçilərinə öz təşəkkürünü bildirib. 6 gündür palatada yatan əsgər Arif Mahmudov da özünü yaxşı hiss etdiyini və tezliklə hərbi hissəsinə qayıdacağını deyir.

 

Dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.

 

Dermatalogiya bölməsinin rəisi tibb xidməti leytenantı Əliyev Eminin sözlərinə görə, həmin bölmədə dəri-zöhrəvi xəstələrinə stasionar və ambulator xidmət göstərilir. Palatada olan hərbçilərin əsasən dərinin göbələk xəstəliyindən müalicə oldunduğunu bildirən leytenant onların sağlamlığının qaydaya düşdüyünü deyib və bir neçə gündən sonra öz hərbi hissələrinə qayıdacaqlarını əlavə edib. O, hərbçilərə həm infuzion terapiya göstərildiyini, həm də müxtəlif göbələk preparatları verildiyini bildirib. Emin Əliyevin verdiyi məlumata əsasən, ötən ay dermatalogiya bölməsinə 28 hərbçi müraciət edib, onların əksəriyyətində göbələk xəstəliyi aşkar edilib.

 

Palatada Tərtər rayonundan olan hərbi qulluqçu artıq 10 gündür dermatalogiya bölməsində müalicə alır və dərisində olan qaşınmaların, demək olar ki, yoxa çıxdığını bildirir. Onun Qazax rayonundan olan və eyni xəstəlikdən müalicə alan palata yoldaşı da özünü yaxşı hiss etdiyini və tezliklə xidmət yerinə qayıdacağını deyir.

 

Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

 

Cərrahiyyə bölməsində müasir cihazlar və qurğular yerləşdirilib. Bölmənin rəisi tibb xidməti polkovnik-leytenantı Mirağa Tarverdiyevin sözlərinə görə, hospitalda iki cərrahi blok var, onların birində təcili və təxirəsalınmaz, digəri isə planlı xəstələr üçün nəzərdə tutulub. O qeyd edir ki, bölməyə istənilən profilli xəstələr müraciət edirlər, burada həm odlu silahdan, həm avtoqəzalar zamanı yaralananların əməliyyatı həyata keçirilir. Zabit vurğulayır ki, hospitalın cərrahiyə bölməsində bütün əməliyyatlar icra oluna bilir, onların çox az bir hissəsi, xüsusi müayinə və müalicəyə ehtiyacı olanlar Bakıya təxliyə edilir. Təxliyə həm təcili yardım maşınları, həm də helikopterlə edilə bilər. O, bu yaxınlarda vəziyyəti nəzərə alaraq 3 xəstənin helikopterlə Bakıya təxliyə edildiyini xatırladıb.

 

Bölmədə müalicə alan əsgər Abdullayev Qurban deyir ki, hərbi hissə ərazisində qolu sındığından hospitala gətirilib. Ona yüksək səviyyədə xidmət göstərilib və hazırda əlini hərəkət etdirə bilir. Onun palata yoldaşı da tam sağaldığını bildirir.

 

Ümumilikdə hərbi hospitalda müalicə alan əsgərlərlə söhbətimiz zamanı onlar peşəkar hərbi həkimlərin göstərdikləri diqqət və qayğıdan, bu cür şəraitdən razı olduqlarını qeyd edirlər.

 

Modern.az kollektivi adından Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə sağlamlığımızın keşiyində duran “ağ xalatlılarımızı” təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

 

1256378

1256377

1256376

1256375

1256374

1256381

1256382

1256383

1256380

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır