Modern.az

XXI əsrin canavarları cılızlaşır…

XXI əsrin canavarları cılızlaşır…

Ölkə

25 Aprel 2011, 12:32

Təxminən 20 il öncə kimsə uşaqların əl ağacları ilə canavarı öldürməsini, yaxud da asan şəkildə onu tutub saxlamasını heç ağlına da gətirməzdi.

Son zamanlar isə Azərbaycan kəndlərində belə hadisələr baş veriri. Bu səbəbdən canavarların xeyli cılızlaşması, onların təxminən 20 il əvvəllə müqayisədə qorxaq və cəsarətsiz olması fikri hakim kəsilib.

Bəzən XXI əsrin canavarlarındakı bu dəyişməni onların yem tapmaması ilə əlaqələndirirlər.

Sabiq deputat, həvəskar ovçu  Vaqif Səmədoğlu Modern.az saytına açıqlamasında bir sıra maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, əsl canavarlardan fərqli olaraq itlərlə cütləşmədən əmələ gələn qurdlar bir qədər kiçik olurlar:
“Canavarlar cırlaşmayıblar. Sadəcə olaraq, dağlarda itlərlə cütləşmədən əmələ gələnlər bir qədər təmiz canavardan kiçik olurlar. Kəndlərə son zamanlar girənlər də güman ki, elə o qurd-köpəklərdir. Onlarda insandan qorxu instikti yox dərəcəsindədir. İyləri də kənd itlərinə o qədər yad deyil. Məsələ əsasən bundadır”.

Eks-millət vəkili son zamanlar canavarlarının sayının çoxaldığını və onların sayının təcili tənzimlənməli olduğunu bildirib: “Canavar ovu demək olar ki, qadağandır. Sovet vaxtı hər canavar leşinə 100 rubla yaxın pul qazanmaq olurdu. İndi canavarlar həddindən artıq çoxalıblar. Ov sürsatları, hazır patronlar, barıt və iri qırma 10-15 dəfə bahalaşıb. Canavar kəndlərə daraşıbsa, deməli ac qalmır. Onların sayı təcili tənzimlənməlidir”-deyə V.Səmədoğlu qeyd edib.

Respublika Ovçular Cəmiyyətinin sərdi Füzuli Əşrəfov isə son zamanlar canavarların cılız və qorxaq olması ilə bağlı səslənən fikirlərin həqiqətə uyğun olmadığını deyib: “Mən düşünmürəm ki, əvvəllər canavarlar daha güclü, daha cəsarətli olublar, indikilər zəifdirlər. Mən bu fikirlərlə razılaşmıram. Əvvəllər sadəcə canavarların öldürülməsinə icazə olduğundan onları vururdular, istənilən halda öldürürdülər. Hətta yadımdadır ki, o vaxtlar canavarı vurub təhvil verəndə 71 manat pul da verirdilər. İndi isə canavarları vurmağa icazə verilmir, bu baxımdan canavarların sayı da hazırda olduqca çoxdur”.

F.Əşrəfov cəmiyyətdə formalaşan fikirlərə belə münasibət bildirib: “Canavarlar heç də zəifləməyiblər, əksinə daha da fəallaşıblar. Mən sizə deyim ki, canavarlar adətən insan tək və əliyalın olanda ona hücum edirlər. Lakin canavarlar insan toplusu görəndə bir çox hallarda qaçaraq geri çəkilirlər. Bu o demək deyil ki, əvvəllər canavarlar güclü, qorxmaz idi, indi zəifdirlər, məncə belə bir şey ola bilməz”.

Son illər Azərbaycanın bir sıra rayonlarında canavar sürülərinin insanlara və ev heyvanlarına hücumu baş verir. Belə hallar xüsusilə Xaçmaz, Sabirabad, Zaqatala, Göyçay, Balakən, Ağdam, Qazax rayonlarının ərazisində dəfələrlə qeydə alınıb. 
Əvvəllər canavarların sayı təhlükəli hal alanda Respublika Ovçular Cəmiyyəti müqavilə əsasında kəndlərdə nəzarət postları yaradır və canavarları ovlayaraq problemi yoluna qoyurdular. Bununla yanaşı, yerli sakinlərin özləri də ov tüfəngləri ilə canavarları vura bilirdilər.
Ancaq Azərbaycan Respublikası Avropanın Vəhşi Təbiətinin və Ətraf Mühitin Mühafizəsi üzrə «Bern» Konvensiyasına qoşulandan sonra ölkəmizdə canavar ovuna qadağa qoyulub. Bu konvensiyaya görə, Avropada mühafizə edilən heyvanların siyahısında canavarın da adı salınıb.  

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2001-ci ildə Azərbaycanda canavarların sayı təxminən 988 baş olub. Onların ovuna qoyulan qadağadan sonra bu rəqəm çox sürətlə artıb. Belə ki, 2005-ci ildə ölkəmizin ərazisində canavarlar 13 min başa çatıb.  İndi Azərbaycan ərazisində yaşayan canavarların sayı təxminən 15 min baş həddindədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edirlər ki, Azərbaycan Avropanın bir hissəsi olduğundan “Bern» Konvensiyasının qadağasına riayət etməlidir. Yəni canavar ovu qadağası qüvvədə qalmalıdır.

Respublika Ovçular Cəmiyyətinin üzvləri isə canavarların vəhşi təbiətdə getdikcə çoxalmasını heç də yaxşı hal saymırlar. Ovçular deyirlər ki, Avropanın əksər ölkələrində canavar yoxdur. Ona görə də orada yırtıcıların ovu qadağan edilib. Azərbaycanda isə əksinə canavarlar çoxdur, bu səbəbdən yalquzaq ovuna icazə verilməlidir.

Bütün canlıların özünəməxsus davranışı və həyat tərzi var. Heyvanların davranışı kortəbii olmur və onların həyatını izləyənlər bunu dəfələrlə sübut ediblər. Bu mənada bioloq Zaman Novruzovun canavarlar barədə gəldiyi qənaət çöx maraqlıdır. Modern.az bioloqun fikirlərini oxuculara təqdim edir.  

“Canavarlar təbiətdə yeganə canlı varlıqlardı ki, erkək dişiyə, yaxud da əksinə, xəyanət etmir. Onlardan biri öldükdə dıgəri dəstədən ayrılır, ömrünün sonuna qədər də tənha yaşayır və yalquzağa çevrilir.  
Canavarların çox maraqlı və pozulmaz “qanunları” var. Onlar həmin “qanunlardan” kənar addım atmırlar. Qaydaları pozan canavarı dəstənin qarşısında digər qurdlar parçalayar. Canavar dəstəsinin başçısı bütün mənalarda dəstə üzvlərindən çevik olur. Görəndə ki, qocalıb, dəstədə ondan bacarıqlısı var, “əmr verir” dəstə üzvləri onu parçalasınlar. Bundan sonra dəstənin qabağına uzanır. Dəstə üzvləri bu “əmri” yerinə yetirməyə borcludurlar”.
Zaman Novruzov xatirələrində qeyd edir ki, ömrünü meşələrdə, dağlarda keçirsə də, bir dəfə olsun canavar leşinə rast gəlməyib. Bu məsələ bioloqu çox maraqlandırdığından araşdırma aparıb. Təcrübəli ovçularla müzakirələrdən sonra məlum olub ki, canavarlar hansısa səbəbdən ölümcül vəziyyətdə olan qurdların leşini təbiətə buraxmır, onu yeyirlər. Z.Novruzov yazır ki, bir dəfə təcrübəli ovçular bir canavarı öldürürlər. Üstündən az keçməmiş görürlər ki, bir neçə canavar ölmüş qurdun leşini yeyirlər ki, onun təbiətdə izi qalmasın...

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı