Modern.az

Bayram Səfərov: “Əkrəm ermənilərin vura bilmədiyi zərbəni bizə vurdu”

Bayram Səfərov: “Əkrəm ermənilərin vura bilmədiyi zərbəni bizə vurdu”

Ölkə

5 Fevral 2013, 10:58

«Əkrəm Əylislinin «Daş yuxular» romanı bütün Azərbaycan xalqını, o cümlədən, qaçqın və məcburi köçkünləri aşağılamağa, təhqir etməyə xidmət göstərir. Əgər o bizim xalqımızdan deyilsə, öz doğmalarının arasında gedib yaşasın».

Modern.az-ın məlumatına görə, bu fikirləri hakim partiyanın saytına «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, əgər Ə.Əylisli xalqımızın nümayəndəsidirsə, ilk olaraq xalqımızın problemlərini özünün bədii əsərlərində əks etdirməli idi. Onun sözlərinə görə, bunun əvəzində isə torpaqlarımızı işğal edən, bir milyondan çox həmvətənimizi doğma yurdlarından didərgin salan ermənilərə canıyananlıq edir.

 «Məgər yazmağa başqa mövzu yox idi ki, o bu əsəri yazıb? Yazmaq istəyirdisə, Xocalı soyqırımından, Malıbəylidə, Daşbulaqda və digər yerlərdə ermənilərin azərbaycanlıları necə qanına qəltan etməsindən yazardı. Nə üçün bunu etməyib? Əkrəm Əylisli torpaq dərdi çəkən, şəhid verən, sağlamlığını itirib əlil vəziyyətinə düşən insanların heysiyyatı ilə niyə oynayır? Bu məsələ gündəmə gələndə o, özünə haqq qazandırmaq üçün bir-birindən fərqli olan fikirlər səsləndirib. Birinci dedi ki, mən bu əsərlə Azərbaycan xalqının böyüklüyünü göstərmişəm. Amma romanda bu böyüklüyü göstərən hansı məqamlar var? Guya Saday adlı obrazın timsalında bunu etməyə çalışıb. Amma bu fikir tam əsassızdır. Bundan sonra deyir ki, iki xalq həmişə bir yerdə yaşayacaq və bu roman da buna xidmət edir. Əgər əsər xalqları bir yerdə yaşamağa səsləyirsə, orada barışdırıcı missiya niyə yoxdur? Ə.Əylisli əsəri başladığı kimi belə sonluqla bitirir ki, azərbaycanlılar Bakıdakı erməni kilsəsini yandırmağa gedir. Budurmu birgə yaşayışa səsləmək? Hazırda insanlar daha çox bu romanı oxuyur və oxuyanların sayı artdıqca, hiss olunur ki, bu yazarın da narahatlığı artır. Çünki bilir ki, oxunduqca hamıya aydın olacaq ki, bu əsərdə nə Azərbaycan xalqının böyüklüyü, nə də ermənilərlə azərbaycanlıların birgə yaşamağa çağırılması təbliğ olunmur. Əksinə, «Daş yuxular»da bilavasitə ermənilərlə müqayisədə bizim millətimiz aşağılanır. Ermənistandan qaçqın vəziyyətinə düşmüş insanların «heyvan» kimi təsvir olunması, Şuşa qaçqınının ölçüyəgəlməz dərəcədə təhqir edilməsi buna sübutdur»- deyə, B.Səfərov vurğulayıb.

İctimai Birliyin sədri qeyd edib ki, hazırda ermənilər Əkrəm Əylislinin bu əsərindən öz təbliğatları üçün geniş istifadə edirlər. Onun sözlərinə görə, təbliğat məsələsində bu romanı ilə Əkrəm Əylisli ermənilərin vura bilmədiyi zərbəni özümüzə vurdu: «Bu gün Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətini ifşa etmək və nəticədə münaqişənin ədalətli həllinə nail olmaq üçün fəal siyasət həyata keçirir. Artıq diplomatik cəbhədə işğalçıları dalana dirəmişik, Sarkisyan hakimiyyəti torpaqlarımızı işğal etdiyinə görə özünə haqq qazandıra bilmir. Çünki başqa bir ölkənin ərazisini işğal etmək, yüzminlərlə dinc insanı hərbi təcavüz nəticəsində öz torpağında yaşamasında məhrum etmək kimi əmələ necə haqq qazandırmaq mümkündür? İndi Ermənistan hakimiyyəti müxtəlif bəhanələr gətirir ki, bunun da ömrü uzun ola bilməz.Çünki reallığı heç bir halda təhrif etmək mümkün deyil. Sarkisyan hakimiyyəti iddia edirdi ki, azərbaycanlılarda ermənilərə nifrət var və biz onlarla birgə yaşaya bilmərik. Onun bu bəhanəsini də ifşa etmək üçün arqumentlərimizi ortaya qoyuruq, Azərbaycanda minlərlə erməni yaşayır, qarşılıqlı səfərlər baş verir və s. Amma Əylislinin bu əsəri yazması və burada azərbaycanlıları az qala vəhşi xalq kimi göstərməsi ermənilər üçün göydəndüşmə olub. İndi onlar bütün dünyaya bəyan edirlər ki, azərbaycanlıların necə millət olduğunu öz yazıçıları deyir. Yəni təbliğat mübarizəsində Ermənistanın Azərbaycana vura bilmədiyi zərbəni Ə.Əylisli vurdu».

 B.Səfərovun fikrincə, bu məsələyə sadəcə, «bədii əsər» prizmasından yanaşmaq doğru deyil. Çünki elə bədii əsərlər, filmlər var ki, siyasətin illərlə əldə edə bilmədiyini onların hesabına qazanmaq olur. Yəni bədii əsərlər ictimai şüura, insanların rəyinə çox ciddi təsir edən faktordur. «Gah deyirlər ki, yazıçı azaddır, gah da deyirlər ki, bədii əsərə bədii əsər kimi yanaşmaq lazımdır. Yazıçı və şairlər öz əsərlərini cəmiyyət, xalq üçün yazır. Həmin əsərlərə də oxucular tərəfindən fərqli münasibət olur. Yəni oxucuların hansısa əsərə rəy bildirməsi qanunauyğunluqdur, bu yazılanlar havaya getmir ki? Ona görə də, məsələni bəsitləşdirməyə çalışmaq mümkünsüzdür. Ə.Əylislini nə məhkəmə ittiham etmir, nə də ona qarşı cinayət məsuliyyəti irəli sürülmür. Bu, Azərbaycan vətəndaşlarının, oxucularının «Daş yuxular» romanına münasibətidir. Ona görə də, məsələdən yayınmaq mümkün deyil. Ə.Əylisli şəhid ailələri, Qarabağ əlilləri, qaçqın və məcburi köçkünlərə görüş keçirib onlara əsərinin mahiyyətini, bizi aşağılamadığını sübut edə bilərmi? Əgər haqlıdırsa, buyursun bunu etsin. Əgər etməyəcəksə, deməli, bilərəkdən insanların heysiyyatına toxunan bu əsəri yazdığını sübut etmiş olacaq. Əlbəttə, hesab edirik ki, bu münaqişədə zərərçəkən biz olsaq da, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasını birgə yaşamalıdır. Xalq diplomatiyası həyata keçirilir, ziyalılarımız Qarabağa gedib görüşlər keçirib. Biz hazırda çalışırıq ki, hər iki icmanın, yəni dinc insanların görüşlərini təşkil edək ki, onlar özləri necə birgə yaşayacaqlarını müzakirə etsinlər. Amma Ermənistanın işğalçı hakimiyyəti belə görüşlərin təşkilinə imkan vermir.

Əylislinin bu əsəri isə belə bir şəraitdə kürəyimizə vurulan xəncərdir. Əgər o hər iki xalqın birgə yaşamasını təbliğ etmək isəyirsə, əsil həqiqətləri bədiiləşdirərək qələmə almaqla, xalqları barışığa dəvət edən əsər ortaya qoymalı idi. Amma bu əsəri ilə Əylisli mənəvi cəhətdən xalqın yazıçısı adını daşımaq hüququnu itirdi»- deyə, B.Səfərov vurğulayıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı