Modern.az

Bu, gələcəyin tələbidir - 700 bal toplayan Zərifə xaricdə oxumaq istəyir

Bu, gələcəyin tələbidir - 700 bal toplayan Zərifə xaricdə oxumaq istəyir

Təhsil

14 İyun 2024, 22:34

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

İllər sonra imtahan verənlər arasında maksimum nəticə göstərən - 700 bal toplayan olub.

 

Belə ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

 

Modern.az 700 bal toplayan Zərifə ilə həmsöhbət olub.

 

"Maksimum nəticə əldə edəcəyimi gözləyirdim. İmtahandan çıxanda təəssüratlarım elə də yaxşı deyildi. Hər qrupun müəyyən fənni var idi ki, digərlərinə görə fərqlənirdi. Bu da normal idi. Buna görə də imtahandan sonra təəssüratlarım pis idi. Riyaziyyat fənninin sualları ağır idi, amma məni təəccübləndirməmişdi. Çünki bu artıq blok imtahanı idi. Hamı üçün də normal olmalıdır. İmtahandan çıxanda bütün sualları doğru cavablandırıb-cavablandırmadığımı düşünürdüm. Amma evə gələndən sonra gördüm ki, bütün sualları doğru cavablandırmışam. Yəni 2 iyundan etibarən mən maksimum nəticəni gözləyirdim. Amma təbii ki, rəsmi olaraq görmək tamamilə başqa duyğudur", - Zərifə deyib.

 

 

O qeyd edib ki, ADA Universitetinin riyaziyyat ixtisasında təhsil almaq istəyir:

 

"Çünki gələcəyin tələbi data analitikası, biznes analitikası, süni intellekt sahələridir. Bunlar üçün də yaxşı səviyyədə riyaziyyat və statistika biliyi lazımdır. O səbəbdən də riyaziyyat ixtisasında təhsil almaq istəyirəm. Eyni zamanda bu fənnə böyük marağım var".

 

Zərifə deyir ki, təhsilini xaricdə davam etdirmək niyyətindədir.

 

"Təhsilimi xaricdə davam etdirməyi düşünürəm. ADA Universiteti belə şərait yaratdığı üçün mən məhz buranı seçmişəm. Hər zaman tələbələrin xaricə getməsinə şərait yaradır. Gələcəkdə də data analitik fəaliyyət göstərmək və mümkün olarsa xarici şirkətlərlə əməkdaşlıq etmək istəyirəm", - I qrupun lideri əlavə edib.

 

Rəşid Qarayev 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı